Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Süleymanov/
ABŞ-ın nə Qazaxıstanda, nə də Özbəkistanda hərbi bazaların açılması ilə bağlı planı yoxdur. Bu barədə Astanada keçirilən mətbuat konfransında ABŞ ordusunun Mərkəzi Komandanlığının komandanı, general Devid Petreus jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
"Qazaxıstanda hərbi bazanın açılmasına gəlincə, mənim bu suala cavabım birmənalıdır: "Xeyr!". İki ölkənin hərbi idarələri arasında planlaşdırılan bütün tədbirlər maliyyələşdirmənin olmasından asılı olmayaraq, həmçinin, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilir", - Devid Petreus bildirib.
Konfransda iştirak edən ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Hounqland deyib: "ABŞ-ın Qazaxıstan ərazisində hərbi baza açmaq planı yoxdur və olmayıb. Bu gün Astanada keçirilən görüşlərin heç birində bu məsələ müzakirə edilməyib".
ABŞ Ordusunun Mərkəzi Komandanlığının komandanı, general Devid Petreus Özbəkistanda hərbi bazanın açılmasına dair suala da mənfi cavab verib. "Özbəkistan hər zaman Şimal marşrutu üzrə tranzitin həyata keçirilməsində mühüm rol oynayıb. Bütün yollar bu respublikanın ərazisindən keçib və bizim Əfqanıstanda iştirakımız artdıqca, NATO üzrə tərəfdaşların kontingenti genişləndikcə, Əfqanıstana yolların maksimum sayını təmin etmək lazımdır", - amerikalı general vurğulayıb.
Onun məlumatına görə, hər yarım ildən bir o, əməkdaşlıq perspektivlərini və əldə olunmuş razılaşmaların reallaşmasını müzakirə etmək üçün Mərkəzi Asiya ölkələrinə səfər edir.
"Bu, son 16 ayda mənim Qazaxıstana üçüncü səfərimdir", - Petreus deyib.