Gürcüstan, Tbilisi, 14 aprel /Trend, müxbir N.Kirsxaliya/
"Gürcüstanda mövcud münaqişələrin diplomatik və dinc yolla nizamlanması Fransa üçün vacibdir", - Fransa Milli Assambleyasının üzvləri Roland Blum və Kristian Batay Gürcüstanın avrointeqrasiya məsələləri üzrə dövlət naziri, Baş nazirin müavini Georgi Baramidze ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib.
"Biz əmin olduq ki, Qafqaz təhlükənin, çoxlu münaqişələrin olduğu zonadır. Bunlar Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı münaqişə, Türkiyə - Ermənistan, həmçinin, Gürcüstan - Rusiya münaqişələrdir. Bu münaqişələrin sülh yolu ilə həlli Avropanın, o cümlədən Fransanın marağındadır", - Kristian Batay bildirib.
Onun sözlərinə görə, gələn ay Cənubi Qafqazda vəziyyət barədə məruzə ilə Milli Assambleya üzvlərinin qarşısında çıxış edəcəklər.
Öz növbəsində, Roland Blum qeyd edib ki, bugünkü görüş səmərəli olub və bu, Gürcüstan - Fransa münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
"Bugünkü görüş zamanı biz Gürcüstanın NATO-ya və Aİ-yə inteqrasiyası məsələsini müzakirə etdik. Fransa Gürcüstan və Aİ arasında assosiasiya haqqında sazişin hazırlanmasını dəstəkləyir. Bunun sayəsində Aİ-yə daxil olmaq üzrə yolu davam etdirmək mümkün olacaq", - Blum bildirib.