...

Azərbaycanın üç müxalifət partiyasının vahid blokda seçkilərə qatılması müzakirə edilir

Siyasət Materials 21 Aprel 2010 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın üç müxalifət partiyasının parlament seçkilərində birgə iştirakı ilə bağlı müzakirələr may ayında başlayacaq.

"Biz Ədalət Partiyası tərəfindən irəli sürülən təklifə müsbət yanaşırıq və düşünürəm ki, müzakirəyə ehtiyac var", - çərşənbə günü Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Trend-in arayışı: Ədalət Partiyası parlament seçkilərinə bir blokda getməklə bağlı Böyük Quruluş və BAXCP-yə təklif göndərmişdi.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bir müddət əvvəl Trend-ə üç partiyanın blok yaratmaq təklifinə Ali Məclisin mayın 25-də keçiriləcək iclasında baxılacağını bildirib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Həsənquliyevin sözlərinə görə, təklif partiyanın may ayının sonunda keçiriləcək Ali Məclisində müzakirəyə çıxarılacaq. "Əgər digər partiyalar da razılıq verərlərsə, deputatlığa namizədlərin birgə müəyyənləşdirilməsi də mümkündür", - partiya sədri əlavə edib.

"Təklifimizi hər iki partiya müsbət qarşılayır, lakin hesab edirlər ki, bloklaşma ilə bağlı qəti qərar qəbul etmək hələ tezdir", - çərşənbə günü Trend-ə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.

Onun fikrincə, sentyabr ayında bu məsələni ciddi müzakirə edib ümumi qərar qəbul etmək olacaq.

Xəbər lenti

Xəbər lenti