...

Azərbaycanın daxili işlər naziri NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 16 İyun 2010 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov çərşənbə günü NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Qonaqları salamlayan daxili işlər naziri ölkəmizin müstəqilliyini əldə etdiyi tarix üçün çox da böyük olmayan qısa zaman çərçivəsində, Ermənistanın təcavüzünə və torpaqlarımızın 20 faizdən çoxunun itirilməsinə baxmayaraq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı və gördüyü tədbirlər nəticəsində əldə edilən uğurlardan, kriminogen durumun nəzarət altına alınmasından, həyata keçirilən hüquqi-demokratik islahatlardan danışıb.

Daha sonra nazir "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Prezidentinin 1997-ci ildə imzaladığı sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Avroatlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Ölkəmiz NATO ilə tərəfdaşlığın gələcək inkişafını diqqətlə izləyir, ona öz töhfəsini verməyə çalışır.

Bildirilib ki, 2007-ci ilin 20-23 noyabr tarixlərində Daxili Qoşunların hüquq-mühafizə qurumuna transformasiya olunması ilə əlaqədar olaraq, NATO Beynəlxalq Qərargahının təşəbbüsü ilə 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuş, DQ-nin imkanları, vəzifələri ilə tanış olmuş, eləcə də sülhməramlı Polisə Dəstək Bölüyünün təsis olunması ilə bağlı işlər barədə geniş məlumatlar əldə etmişlər. Səfər ərzində müxtəlif ölkələrin müvafiq qurumlarının ekspertləri tərəfindən Daxili Qoşunların hüquq-mühafizə qurumuna transformasiya olunması ilə bağlı məsləhət və tövsiyyələr verilib.

1997-ci il oktyabrın 31-də Azərbaycan ilə Türkiyə arasında Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Jandarması tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokolun müddəalarına əsasən, Jandarm Təşkilatının da imkanlarından geniş istifadə olunur. Türkiyə Jandarm Qüvvələrinin qiymətləndirmə sisteminə dair normativ-hüquqi aktlar, təlimatlar öyrənilərək araşdırılıb və Daxili Qoşunlarda aparılan qiymətləndirmə fəaliyyətini tənzimləyən təlimatların yeniləşdirilməsi üzrə müvafiq işlər həyata keçirilib.

Belə ki, hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə son 13 ildə Türkiyə Silahlı Qüvvələrinin və Jandarm Təşkilatının müxtəlif təlim-tədris mərkəzlərində Qoşunların xeyli hərbi qulluqçusu ixtisasartırma kurslarına cəlb olunub. Hazırda 21 nəfər təhsilini davam etdirməkdədir. Birgə plana əsasən, 2010-2011-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin və Jandarm Təşkilatının müxtəlif təlim-tədris mərkəzlərində Daxili Qoşunlar üçün daha 22 kursun təşkili nəzərdə tutulub.

Robert Simmons səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizin NATO-nun sülhyaratma missiyasında fəal iştirakını və təmsil etdiyi təşkilatla əməkdaşlığı genişləndirməsini qeyd edib, belə görüşlərin qarşılıqlı faydalı əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti