...

İsrail Knesseti "erməni soyqırımı"nı tanımayacaq – TURKSAM rəhbəri

Siyasət Materials 18 İyun 2010 17:45 (UTC +04:00)
İsrail və Türkiyə arasında münasibətlərin pisləşməkdə davam etməsinə baxmayaraq, İsrail rəhbərliyi və parlamenti "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsini dəstəkləməyəcəklər.

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ü.Sadıxova/

İsrail və Türkiyə arasında münasibətlərin pisləşməkdə davam etməsinə baxmayaraq, İsrail rəhbərliyi və parlamenti "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsini dəstəkləməyəcəklər. Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TURKSAM) prezidenti Sinan Oğan belə hesab edir.

"Türkiyə-İsrail münasibətlərində pisləşmənin dərinləşdirilməsi hər iki ölkəyə sərf etmir. Buna görə də İsrail Knesseti çətin ki yaxın vaxtlarda "soyqırımı" tanısın", - Trend-ə Oğan bildirib.

Onun sözlərinə görə, İsrail Türkiyəni qəzəbləndirmək istəsə belə, o, bunu birbaşa deyil, ikinci dərəcəli kanal, məsələn ABŞ-dakı yəhudi lobbisi vasitəsilə edəcək.

"İsrail Türkiyəyə qarşı açıq şəkildə çıxış etməyəcək. Çünki bu onun maraqlarında deyil. Lakin o, ABŞ Konqresində "soyqırım"ın tanınması üçün əlindən gələni edəcək", - türk analitik hesab edir.

ABŞ Konqresinin demokratlar və respublikaçılar partiyalarından olan İsrail yönümlü üzvləri Türkiyəyə nota göndərərək "erməni soyqırımı" qətnaməsini tanıya bilmələri barədə xəbərdar ediblər. Qətnamə martda Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilib. Məlumatı CNN Turk telekanalının saytı yayıb.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na etdiyi basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən 8 türk və 1 ABŞ vətəndaşı həlak olub.

Türk analitikinin fikrincə, yaranan vəziyyət Türkiyə və İsraili qane etməsə də, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını və ya əvvəlki səviyyəsinin bərpasını gözləmək lazım deyil. Bu, hakimiyyətdə Rəcəb Tayyib Ərdoğanın və Benyamin Natenyahunun qalmasına qədər davam edəcək.

İsrail Parlamentinin sol fraksiyaları aprelin sonunda Xarici əlaqələr və müdafiə komitəsinə müzakirə edilməsi üçün "erməni soyqırımı" məsələsini təqdim etmək qərarına gəliblər.

Ermənistan və erməni lobbisi bəyan edirlər ki, Türkiyənin sələfi Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Bu faktın dünyada tanınmasını arzulayan ermənilər dünya ölkələrində "soyqırım" adlandırılan faktın təbliğini gücləndirərək bəzi ölkə parlamentlərinin onu tanımasına nail olublar.

Oğan hesab edir ki, Ankara ola bilsin ki, gələcəkdə "soyqırımı"ın Konqresdə tanınmasının qarşısını almaq üçün çətinliklərlə qarşılaşsın. Belə ki, İranın dəstəklənməsi və Qəzzadakı son hadisələr yəhudi, erməni və yunan lobbilərinin birləşməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti