...

Azərbaycanlı deputat AŞ PA-da yeni sənəd hazırlayıb

Siyasət Materials 23 İyun 2010 00:27 (UTC +04:00)
AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafel Hüseynov "Sovet siyasi repressiyaları insanlıq əleyhinə cinayət kimi" adlı yeni sənəd hazırlayıb. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili özü məlumat verib.
Azərbaycanlı deputat AŞ PA-da yeni sənəd hazırlayıb

Fransa, Strasburq, 23 iyun/ Trend, müxbir A. Məhərrəmli/

AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov "Sovet siyasi repressiyaları insanlıq əleyhinə cinayət kimi" adlı yeni sənəd hazırlayıb. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili özü məlumat verib.

O qeyd edib ki, tövsiyə üçün təklif adlanan sənədə 30-a yaxın deputat imza atıb və Assambleyanın katibliyi sessiya günlərində onu nəşr etmək üçün qəbul edib.

Rafael Hüseynov bu mövzunun Avropa Şurası tərəfindən araşdırılması zəruriyyəti əvvəllər bir neçə dəfə Assambleya kürsüsündən səsləndirildiyini, lakin bununla bağlı konkret addım atılmadığını qeyd edib.

"Bu mövzunun Avropa Şurası tərəfindən araşdırılması zəruriyyəti əvvəllər bir neçə dəfə Assambleya kürsüsündən səsləndirilsə də konkret addım atılmamışdı. AŞ PA-da həmin problemlə bağlı əsas fikirlərdən biri bundan ibarətdir ki, sovet dövründə siyasi motivlərlə baş vermiş kütləvi həbs və sürgünlər yalnız keçmişin hadisəsi deyil, həmin faciənin detalları ilə tədqiq olunması tarixin mühüm dərslərindən biri kimi gələcək üçün də əhəmiyyət daşıyır"-millət vəkili əlavə edib.

Sənəddə göstərili ki, Sovet rejiminin mövcud olduğu 74 illik müddətdə bu imperiyanın nəzarətindəki, ruslar da daxil olmaqla, bütün xalqlar ardıcıl və sistemli şəkildə qanlı repressiyalara məruz qalıb.

"1920, 1933-1938 və 1948-1949-cu illərdəki repressiyalar bütövlükdə SSRİ-nin İkinci dünya müharibəsindəki itkilərindən də böyük olmuş və 30 milyondan artıq insanın həyatına son qoymuşdur. Lakin müharibədən fərqli olaraq bu insanlar təsadüfi kütləviliklə və fərq qoyulmadan deyil, dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi prinsiplər əsasında, fərdi qaydada ən yaxşıları seçmək şərti ilə məhv edilmişlər. Görkəmli elm, mədəniyyət, hərb, dövlət xadimlərinin müxtəlif nəsillərinin ardıcıl olaraq yox edilməsiylə onlarca xalqın genefondu ciddi şəkildə zədələnmiş, intellektual inkişafı deformasiyaya uğramışdır. Siyasi repressiyaları müşaiyət edən deportasiyalar həmin proseslərin fəsadlarını daha da artırmış, SSRİ-yə daxil bir sıra xalqların assimilyasiyasına, parçalanmasına, vətənsiz qalmasına, bu günə qədər də həmin faciələrin metastazlarından xilas ola bilməməsinə gətirib çıxarmışdır. Kommunist rejiminin mahiyyətilə bilavasitə bağlı olan sovet siyasi repressiyası qurbanlarının hamısına formal olaraq bəraət verilsə, günahsız yerə həbs olunduqları və güllələndikləri rəsmən etiraf edilsə də, indiyədək onların əksəriyyətinin aqibəti haqqında həqiqətlər ictimaiyyət üçün əlçatmazdır"-sənəddə qeyd olunur.

O qeyd edib ki, insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər qismindən olan sovet siyasi repressiyalarına aid arxivlərin heç də hamısı indiyədək tam açılmamış, problem kompleks halda öyrənilməmiş, beynəlxalq səviyyədə siyasi qiymətini almamışdır.

"Bütün bunları nəzərə alaraq və əvvəllər qəbul edilmiş 1096 saylı (1996) "Keçmiş totalitar kommunist rejimlərinin mirasının aradan qaldırılması tədbirləri", 1481 saylı (2006) "Totalitar kommunist rejimlərin beynəlxalq səviyyədə ittiham edilməsi haqqında" qətnamələrin müddəlarını əsas götürərək Assambleya məsələnin hərtərəfli araşdırılması üçün ayrica məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir"- millət vəkili bildirib.

Millət vəkili habelə qeyd edib ki, AŞPA-nın prosedur qaydalarına uyğun olaraq, bu sənədə əvvəlcə qurumun Bürosunda baxılacaq və onun sonrakı irəliləyişi haqqında qərar qəbul ediləcəkdir.

"Bu sənəd əvvəlcə Büroda müzakirə olunacaq. Növbəti mərhələdə isə müvafiq komitə mövzu üzrə məruzəçini təyin edir. Assambleyanın ənənəsinə görə, adətən məruzəni hazırlamaq tövsiyyə üçün təklifin müəllifinə həvalə edilir"- Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti