...

Azərbaycan müxalifəti sosial bazası olmadığına görə qanuni yerlərdə aksiya keçirmək istəmir – hakim partiya

Siyasət Materials 8 İyul 2010 15:36 (UTC +04:00)
Azərbaycan müxalifəti sosial bazası olmadığına görə qanuni yerlərdə aksiya keçirmək istəmir. Bu barədə cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Azərbaycan müxalifəti sosial bazası olmadığına görə qanuni yerlərdə aksiya keçirmək istəmir – hakim partiya

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifəti sosial bazası olmadığına görə qanuni yerlərdə aksiya keçirmək istəmir. Bu barədə cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Aksiyalarda iştirak edənlər müxalif partiyaları müdafiə edən qəzetlərin əməkdaşları, başqa-başqa xarici təşkilatlar tərəfindən pul köçürülərək maliyyələşdirilən bir-iki qeyri-hökumət təşkilatının nümayəndələri və həmin partiyaların funksionerləridir", - Novruzov əlavə edib.

Trend-in arayışı: Son zamanlar bir neçə dəfə Azərbaycanın bəzi müxalifət partiyaları Bakının mərkəzində etiraz aksiyaları keçirməyə cəhd göstəriblər.

Bakı şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Novruzovun sözlərinə görə, müxalifət axırıncı aksiyasında nə qədər çalışsa da, mitinqə kifayət qədər adam toplaya bilmədi.

"Onlar Bakı şəhərində hər hansı aksiya keçirməkdən ötrü bütün respublika üzrə rayon və şəhər təşkilatlarından üzvləri və fəalları çağırırlar. Sonuncu aksiyalarda 30-40 nəfər iştirak edibsə, o da kəndlərdən gəlmiş təşkilat sədrləri, onların müavinləri və yaxud bir-iki nəfər partiya fəalıdır. Yerdə qalan hallarda onların sosial bazası yoxdur. Onlar qanuni yerlərdə aksiya keçirmirlər, çünkü orada keçirsələr biabır olacaqlar və hamı onların heç bir sosial dayağa malik olmadığını görəcək" - millət vəkili qeyd edib.

Novruzov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan müxalifəti ilə görüşməməsinə də toxunub.

"ABŞ dövlət katibi səfərdə olduğu bütün ölkələrdə Azərbaycandan başqa müxalifət partiyaları ilə görüşdü. Onlara da artıq bəllidir ki, Azərbaycanda müxalifət partiyası deyilən bir şey yoxdur. Bunlar kiçik dərnəklərdən ibarətdir", - Novruzov bildirib.

Kıinton iyunun 4-də Azərbaycanda rəsmi səfərdə olub.

Xəbər lenti

Xəbər lenti