...

Azərbaycan-İsveçrə münasibətləri yüksəliş dövrünü yaşayır – səfir (MÜSAHİBƏ)

Siyasət Materials 16 Avqust 2010 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust  /Trend, müxbir S.Ağayeva/

Trend Agentliyinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı Fövqəladə və Səlahiyyətli Səfiri, BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi cənab Murad Nəcəfbəyli ilə müsahibəsi

- Cənab Səfir, bir müddət öncə Siz Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmisiniz. İki ölkə arasında təşəkkül tapmış əlaqələri necə səciyyələndirərdiniz?

- Azərbaycan-İsveçrə münasibətlərini xarakterizə edərkən qeyd etmək istərdim ki, Azərbaycan İsveçrə ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. İnkişaf dinamikası ilə seçilən sözügedən münasibətlər bu gün özünün yüksəliş dövrünü yaşamaqdadır. Son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, hər iki ölkənin qanunvericilik orqanlarında Dostluq Qruplarının təsis edilməsi, iqtisadi sahədə həyata keçirilən layihələr və mədəniyyət günlərinin təşkili ikitərəfli münasibətlərin əsas göstəricilərindəndirlər. Bildiyiniz kimi, dövlət başçıları səviyyəsində aparılan siyasi dialoq ölkələr arasında münasibətlərin formalaşmasında və inkişafında müstəsna rola malikdir. Vurğulamaq istərdim ki, 2000-ci ilin yanvar ayında Ümummilli Liderimiz Heydər Əliyev Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda iştirak etmiş və səfər çərçivəsində İsveçrə Prezidenti Adolf Oqi və digər dövlət rəsmiləri ilə danışıqlar aparmışdır. Şübhəsiz ki, bu səfər Azərbaycan-İsveçrə münasibətlərini yeni, daha yüksək səviyyəyə qaldırmışdır. 2002-ci ilin fevral ayında Ulu Öndər Heydər Əliyev Nyu-York şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda İsveçrə Prezidenti Kaspar Villiqer ilə görüş keçirmişdir. 2007-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə Davos şəhərinə etdiyi işgüzar səfəri çərçivəsində İsveçrə Prezidenti Mişlin Kalmi-Reylə görüş keçirmişdir. İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin 2008-ci ilin may ayında ölkəmizə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin oktyabr ayında İsveçrəyə etdiyi rəsmi səfərlər, o cümlədən, Ümumdünya İqtisadi Forumu çərçivəsində 2010-cu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrə Konfederasiyasının hazırkı Prezidenti Doris Loythard ilə görüşü, bu müstəvidə aparılmış məhsuldar danışıqlar xüsusilə vurğulanmalı və bütün bu səfərlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Bunlarla yanaşı, son illər ərzində Parlament Sədrləri, Xarici İşlər Nazirləri və digər rəsmi səviyyələrdə həyata keçirilmiş qarşılıqlı səfərlər də iki ölkə arasında formalaşmış əməkdaşlıq əlaqələrinin inkişafına öz töhfəsini vermişdir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı İsveçrə ictimaiyyəti nə qədər məlumatlıdır və bu istiqamətdə Səfirlik nə kimi işlər görür?

- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir və Respublikamızın hər bir diplomatik nümayəndəliyi kimi İsveçrədəki Səfirlik də ictimaiyyətin münaqişənin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinə dair geniş məlumata malik olması məqsədilə fəaliyyət göstərməkdədir. Səfirlik təşkil etdiyi tədbirlər vasitəsilə yerli ictimaiyyətin münaqişənin mahiyyətinə dair daha geniş məlumatlandırılmasına nail olmağa çalışır. Bu xüsusda dövlət rəsmiləri, Parlament üzvləri, ictimaiyyətin müxtəlif dairələri, İsveçrəli mətbuat nümayəndələri ilə keçirilən görüşlər, təşkil olunan qarşılıqlı səfərlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinə dair İsveçrə ictimaiyyətinin məlumatlandırılması işində mühüm rol oynayır.

- İsveçrədə yaşayan azərbaycanlı icması ölkəmizlə bağlı məsələlərdə fəaldırmı və Səfirliyin diaspora ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Səfirlik soydaşlarımızla sıx əlaqədə olur və onlarla əməkdaşlığı genişləndirir. İsveçrədəki soydaşlarımızın sayının nisbətən məhdud olmasına baxmayaraq, onların fəaliyyətini kifayət qədər uğurlu hesab etmək olar. Belə ki, diaspora Azərbaycanın təbliği istiqamətində hər zaman fəallıq göstərməyə çalışır və təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə yerli əhalinin ölkəmizi daha yaxından tanıması məqsədilə səylər göstərir. Məsələn, Xocalı soyqırımı ilə bağlı 2010-cu ilin fevral ayında soydaşlarımız tərəfindən Cenevrə şəhərində təşkil edilmiş etiraz aksiyası, Novruz Bayramı münasibətilə Soloturn və Bazel şəhərlərində keçirilmış bayram şənlikləri, Respublika Günü münasibətilə Səfirlik tərəfindən Bern şəhərində təşkil edilmiş təntənəli mərasimdə diaspora nümayəndələrimizin fəal iştiraklarını misal çəkmək olar. Lakin, yuxarıda sadalananlar o demək deyildir ki, diaspora ilə iş sahəsində bütün mümkün potensial tam istifadə edilib və bu sahədəki vəziyyət ilə kifayətlənmək olar. İsveçrədəki Azərbaycan diasporunun mütəşəkkilliyinin təmin edilməsi və onların ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirakına nail olunması məqsədilə fəaliyyətimiz gücləndirilir.

- İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin durumu barəsində fikirlərinizi bölüşə bilərdinizmi?

- Azərbaycan Avropa ölkələri, o cümlədən, İsveçrə ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir. Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında iqtisadi əlaqələr uğurla inkişaf edir və genişlənir. Hazırda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün zəruri normativ-hüquqi baza yaradılmışdır ki, bu da mövcud potensialdan istifadə etməklə Azərbaycan və İsveçrə arasında ticari-iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün real imkanlar yaradır. Bildirmək istərdim ki, artıq bir neçə ildir ki Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Birgə Hökumətlərarası Komissiyanın əsas məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, maliyyə, bank, investisiya, turizm, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Komissiyanın 2010-cu ilin yanvar ayında keçirilmiş görüşü zamanı həmçinin makroiqtisadi siyasət, özəl sektorun dəstəklənməsi, məşğulluq, ticarət, infrastruktur sahələrində Azərbaycan və İsveçrə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə edilmişdir.

2010-cu ilin may ayında Bakı şəhərində Azərbaycan-İsveçrə Parlament Dostluq Qruplarının üzvləri, İsveçrənin energetika sahəsində fəaliyyət göstərən şirkətlərinin təmsilçiləri ilə ölkəmizin müvafiq qurumlarının nümayəndələri arasında görüş keçirilmişdir. Hazırda, İsveçrə Konfederasiyası Azərbaycanın qeyri-neft sektorunda böyük investorlardandır. İsveçrə şirkətləri Azərbaycanda nümayəndəliklərini artıq açmış və fəaliyyətlərini uğurla həyata keçirirlər. Bununla belə, Azərbaycan və İsveçrə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkanlardan istifadə etməklə əlaqələri daha da inkişaf etdirmək lazımdır. Bununla yanaşı, Azərbaycan İsveçrənin Ümumiləşdirilmiş Preferensiyalar Sistemindən faydalanır. Bu sistem vasitəsilə Azərbaycan məhsullarının İsveçrə bazarlarına ixracı üçün əlverişli imkanlar yaranır.

Qeyd edilməlidir ki, İsveçrə Azərbaycan Republikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi çərçivəsində Azərbaycanda bir sıra layihələr həyata keçirmişdir. Bu layihələr əsas etibarilə əqli mülkiyyət, o cümlədən ÜTT ilə bağlı olan digər sahələrdə ölkəmizin müxtəlif dövlət qurumlarının mütəxəssislərinin potensialının artırılmasına yönəldilmişdir.

- İsveçrə-Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə hansı iqtisadi layihələr həyata keçirilməkdədir?

- İsveçrə tərəfi Azərbaycan Respublikası ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Belə ki, hələ 2007-ci ildə Azərbaycan və İsveçrə arasında enerji təhlükəsizliyi və əməkdaşlığa dair memorandum imzalanmışdır. Hazırda Avropanın enerji təchizatının təhlükəsizliyinə töhfə verə biləcək İsveçrə tərəfinin təşəbbüsləri ilə bağlı müzakirələr aparılır.

2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cenevrə şəhərində ofisi açılmış və bu qurum İsveçrədə müvəffəqiyyətlə fəaliyyət göstərir. Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan İsveçrəyə neft ixrac edən etibarlı və mühüm ölkələrindən biri hesab edilir. Belə ki, İsveçrənin neftə olan tələbatının nəzərə çarpacaq hissəsi Azərbaycan neft hesabına təmin edilir.

İsveçrənin bərpa olunan enerji növlərindən istifadə və enerji səmərəliliyi sahəsində təcrübəyə malik olduğunu nəzərə alaraq, İsveçrə texnologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilir.

Bundan başqa, Azərbaycan tərəfi məişət tullantılarının səmərəli idarə olunmasında İsveçrədə mövcud olan texnologiyaların ölkəmizdə istifadə edilməsinin mümkünlüyünü araşdırır.

Sement istehsalı sahəsində İsveçrə tərəfi ilə bir neçə ildir ki uğurla əməkdaşlıq edilir və bu tərəfdaşlıq investisiya layihələrindən biri çərçivəsində həyata keçirilir. Eyni zamanda, hazırda İsveçrənin bir sıra əczaçılıq şirkətləri ilə əməkdaşlıq davam etdirilir və Azərbaycan İsveçrə istehsalı olan yüksək keyfiyyətli tibbi avadanlıqlar idxal edir.

Azərbaycanın qiymətli metalları, xüsusən də qızılı İsveçrəyə ixrac edilir. Belə ki, "Gədəbəy" qızıl-filiz yatağı üzrə Azərbaycan qızılının bir hissəsi yüksək əyarlı əmtəəlik qızıl kimi Cenevrə şəhərində yerləşən və yüksək reytinqə malik olan şirkətin zavodunda saflaşdırılır.

Hazırda, Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının İsveçrəyə ixracının artırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti