...

Namizədlər siyahısındakı yeni simaların nüfuzu, müxalifət təmsilçilərindən daha çox səs qazanmalarına imkan verəcək – Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 20 Sentyabr 2010 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, partiyanın siyahısında yer qazanmış yeni simaların nüfuzu parlament seçkilərində onlara rəqib olacaq müxalifət təmsilçilərindən daha çox səs qazanmasına imkan verəcək.

"Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahıda özünə yer tutmuş yeni simaların böyük əksəriyyəti Azərbaycan cəmiyyətində özlərinə nüfuz qazanmış, ölkə elminin, təhsilinin, mədəniyyətinin, həyatımızın digər sahələrinin inkişafına böyük töhfələr vermiş və buna görə də yüksək nüfuz sahibi olan insanlardır. Güman edirəm, onların malik olduğu böyük nüfuz qarşıdan gələn Parlament seçkilərində onlara rəqib olacaq müxalifət təmsilçilərinin əldə edə biləcəyindən daha çox səs qazanmasına imkan verəcək", -  bunu bazar ertəsi Trend-ə müsahibəsində YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

YAP-ın təsdiq etdiyi namizədlər siyahısında Azərbaycanın Milli Məclisində partiyanı təmsil edən 48 deputat var. Bu deputatların da əksəriyyəti 2005-ci ildə keçirilən Parlament seçkilərində müxalifət tərəfindən irəli sürülən namizədlərə qalib gəlmiş insanlardır.

Əhmədov bildirib ki, YAP fəaliyyəti dövründə həm qadınların, həm də gənclərin ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün imkanlar yaradılmasını diqqət mərkəzində saxlayıb.

"Bu, bütün seçkilərdə müşahidə olunub. Bundan əvvəl - 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində də YAP böyük bir təşviqat kampaniyası apararaq, gənclərin və qadınların bələdiyyə seçkiləri kampaniyasında yaxından iştirak etməsini təşviq edirdi və biz güman edirik, əhəmiyyətli nailiyyətlər əldə edə bildik. Parlament seçkilərində də YAP partiya daxilində kifayət qədər fəallıq nümayiş etdirmiş qadınların və gənc insanların namizədliklərini irəli sürmək barəsində çox əhəmiyyətli bir qərar qəbul edib", - sədr müavini deyib.

YAP-ın 114 dairədən irəli sürdüyü namizədlər içərisində 24 qadın var. Bunların bir qismi bundan əvvəl Parlament üzvü olmuş qadın deputatlardır; böyük bir hissəsi isə YAP-ın qadın fəallarıdır ki, birinci dəfədir Parlament seçkilərində iştirak edəcəklər.

Əhmədov güman edir ki, siyahıya yeni salınan namizədlər, o cümlədən, qadın və gənc namizədlərin seçkilərdə iştirakı kifayət qədər uğurlu olacaq.

Onun sözlərinə görə, irəli sürülən namizədlər içərisində yaşı 40-dan az olan 15-dən yuxarı insan var.

"Bunlar da, güman edirəm, artıq Azərbaycan cəmiyyətində, həyatımızın müxtəlif sahələrində fəaliyyətləri ilə özlərini tanıda bilmiş, hörmət, nüfuz qazanmış insanlardır. İnanırıq ki, onların da seçki kampaniyası uğurlu olacaq və YAP-ın deputat korpusunun cavanlaşmasına əhəmiyyətli köməklik göstərə biləcək", - Əhmədov vurğulayıb.

YAP rəsmisinin bildirdiyinə görə, bütün dairələr üzrə apardıqları təhlillər nəticəsində müəyyən edilib ki, partiyanın irəli sürdüyü namizədlər həm bütövlükdə, həm də ayrı-ayrılıqda dairələr üzrə rəqiblərimiz tərəfindən irəli sürülən namizədlərdən öz keyfiyyətlərinə, şanslarına, nüfuz və hörmətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər.

Əhmədov onu da qeyd edib ki, YAP-ın Parlament seçkilərinə namizədlərin siyahısı bütövlükdə partiya daxilində aparılan geniş müzakirələr nəticəsində tərtib edildiyindən, partiyanın hər bir üzvünün iradəsini və mənafeyini əks etdirir.

"Siyahının açıqlanmasından artıq bir neçə gün keçməsinə baxmayaraq, bütövlükdə, həm cəmiyyət, həm də Yeni Azərbaycan Partiyası tərəfindən bu siyahı müsbət qiymətləndirilib. Namizədlər siyahısında adı olmayan keçmiş deputatların əksəriyyəti  siyahının məhz bu insanların iştirakı ilə tərtib edilməsini tamamilə normal qarşılayıb. Mən bunu YAP-ın daxili birliyinin və monolitliyinin ifadəsi hesab edirəm. Ona inanmaq istəyirəm və düşünürəm, siyahıya daxil edilməyən keçmiş deputatların özləri də vaxtı ilə onların deputat olduğu dairələrdə YAP tərəfindən irəli sürülmüş yeni namizədlərin uğur qazanmasına öz imkanları daxilində dəstək verəcəklər", - Əhmədov müsahibəsində bildirib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti