Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Ağayeva/
Nyu-Yorkda Azərbaycan və Qrenada arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike imzalanıb. Bu barədə cümə günü Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Qrenadanın xarici işlər naziri Peter David ilə görüş keçirib. Nazirlər "Azərbaycan Respublikası və Qrenada arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike" imzalayıblar. Məmmədyarov həmkarına Azərbaycanın iqtisadi durumu və inkişafı, ölkənin apardığı enerji siyasəti haqqında geniş məlumat verib. Görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Həmin gün Məmmədyarov Xorvatiya Respublikasının xarici işlər və Avropaya inteqrasiya naziri Qordan Yandrokoviç ilə görüş keçirib. Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib.