...

Azərbaycanın xalq artistini bıçaqlayan şəxs 1 saylı Respublika Ruhi Əsəb Dispanserində qeydiyyatdadır

Siyasət Materials 30 Sentyabr 2010 13:35 (UTC +04:00)
İstintaq qrupunun rəhbəri Asif Behbudov cümə axşamı Trend-ə bildirib ki, Rüfət Məlikovun dispanserdə xəstə kimi qeydiyyatda olması faktı onun cinayəti törədərkən anlaqsız olmasına əsas vermir.
Azərbaycanın xalq artistini bıçaqlayan şəxs 1 saylı Respublika Ruhi Əsəb Dispanserində qeydiyyatdadır

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistinə bıçaqla ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinən şəxs psixi pozgunluğuna görə 1 saylı Respublika Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.

İstintaq qrupunun rəhbəri Asif Behbudov cümə axşamı Trend-ə bildirib ki, Rüfət Məlikovun dispanserdə xəstə kimi qeydiyyatda olması faktı onun cinayəti törədərkən anlaqsız olmasına əsas vermir.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünəməxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə, Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Behbudov istintaqın gedişində Məlikovun məlum cinayəti törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək məqsədilə onun barəsində psixiatriya ekspertizasının keçiriləcəyini deyib.

"Rüfət Məlikovun psixi pozuntusunun olması onu cinayət məsuliyyətindən azad etmir. Məhkəmə işin yekununda Məlikovun tibbi xarakterli məcburi tədbirlər tətbiq etməklə məcburi müalicəyə göndərilməsi barədə qərar verə bilər", - müstəntiq vurğulayıb.

Dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, himayəsində azyaşlı uşağı olduğu üçün barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti