...

"Xocalıya ədalət" kampaniyası "Facebook"da öz fəaliyyətini genişləndirir

Siyasət Materials 1 Oktyabr 2010 13:13 (UTC +04:00)
Oktyabrın 2-də "Facebook" səhifəsində "Xocalıya ədalət" kampaniyasının "Ədalət naminə dostunu işarələ" yeni qlobal aksiyası start götürür. Bu barədə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Bakı Ofisindən Trend-ə daxil olan məlumatda deyilir.
"Xocalıya ədalət" kampaniyası "Facebook"da öz fəaliyyətini genişləndirir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Ü.Sadıqova/

Oktyabrın 2-də "Facebook" səhifəsində "Xocalıya ədalət" kampaniyasının "Ədalət naminə dostunu işarələ" yeni qlobal aksiyası start götürür. Bu barədə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Bakı Ofisindən Trend-ə daxil olan məlumatda deyilir.

İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət " ("Justice for Khodjaly") beynəlxalq informasiya və təbliğat kampaniyası, 2008-ci il mayın 8-də start götürüb.

"Ədalət naminə dostunu işarələ" adlı yeni kampaniya dünyada, o cümlədən, "Facebook" ümumdünya sosial şəbəkəsinin 500 milyonluq istifadəçisi arasında Xocalı soyqırımı haqqında həqiqi məlumatların yayılmasına yönəlib.

Kampaniyanın "Dostunu işarələ, Darfuru xilas et" birinci mərhələsində hər bir istifadəçi əlavə edilmiş fotoşəkillər üzrə öz dostlarını seçərək, "Facebook"da açılan hesab vasitəsilə "Darfuru xilas et " ("Save Darfur") aksiyasına maliyyə dəstəyi göstərir.

Sudanın qərbindəki Darfur əyalətində hərbi əməliyyatlar 2003-cü ilin fevralından davam edir. Sudan hökumət qoşunları və onların tərəfdarları Prezident Ömər əl-Bəşir rejiminin devrilməsinə nail olmağa çalışan çoxsaylı qruplaşmalara müqavimət göstərirlər. BMT-nin qiymətləndirmələrinə görə, münaqişə nəticəsində Darfurda 300 mindən artıq adam həlak olub. Sudan hakimiyyəti münaqişənin 10 minə yaxın insanın həyatına son qoyduğunu bəyan edir.

Kampaniya nəticəsində dünya ictimaiyyətinin xeyli hissəsi Xocalı faciəsi haqqında məlumatlandırılacaq, eləcə də sadə adamlar "Xocalıya ədalət " kampaniyası yolu ilə Darfurdakı hadisələrin qurbanlarına maddi kömək göstərəcəklər.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1 275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Son iki il ərzində 50-dən çox ölkədə "Xocalıya ədalət " kampaniyası çərçivəsində tədbirlər keçirilib. Dünyanın aparıcı ölkələrindən amerikalı rep ustası Toni Bləkmən və Azərbaycanın "Dəyirman" qrupu tərəfindən ifa olunan eyniadlı mahnı təqdim olunub.

Bu il kampaniyanın fəaliyyətini əlaqələndirən təşkilatın İKT GF-nin təşəbbüsü ilə Kampalada (Uqanda) İKT Parlament İttifaqının və İKT ölkələri XİN başçılarının Düşənbədə (Tacikistan) keçirilən iclaslarında Xocalı qırğınına "bəşəriyyətə qarşı cinayət kimi" baxılıb. Hazırda kampaniya çərçivəsində dünya birliyini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə üçün imza toplamaq üzrə beynəlxalq aksiya keçirilir.

Xəbər lenti

Xəbər lenti