...

Ərəblər Azərbaycan haqqında kifayət qədər məlumatlı deyillər – İsgəndəriyyə Kitabxanasının direktoru

Siyasət Materials 13 Oktyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan kitablarının sayı İsgəndəriyyə Kitabxanasında ərəb tədqiqatçıları və sayı ildə bir milyona çatan kitabxanaya gələnləri lazımi məlumatla təmin etmək üçün artırılmalıdır. Kitabxana direktoru İsmayıl Siracəddin belə hesab edir.
Ərəblər Azərbaycan haqqında kifayət qədər məlumatlı deyillər – İsgəndəriyyə Kitabxanasının direktoru

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan kitablarının sayı İsgəndəriyyə Kitabxanasında ərəb tədqiqatçıları və sayı ildə bir milyona çatan kitabxanaya gələnləri lazımi məlumatla təmin etmək üçün artırılmalıdır. Kitabxana direktoru İsmayıl Siracəddin belə hesab edir.

"Başa düşmək lazımdır ki, İsgəndəriyyə Kitabxanasının son illər ərzində regionda Azərbaycan mədəniyyətinin təmsil edilməsi üzrə səylərinə baxmayaraq, ərəblər ölkənizlə və onun irsi ilə kifayət qədər tanış deyillər. Biz hələ çox şey etməliyik", - Trend-ə müsahibəsində Siracəddin deyib.

"Azərbaycanın M.F.Axundov adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlığa dair üçillik saziş qarşıya qoyulan məqsədlərə çatmaq üçün kifayət deyil, buna görə də saziş yenilənməli və uzadılmalıdır", - Siracəddin qeyd edib.

Dünyanın ən qədim kitabxanalarından birinin rəhbəri noyabrın 19-da "Yes Azərbaycan" Beynəlxalq Konsaltinq Qrupunun dəvəti ilə Bakıya gələcək.

İsgəndəriyyə Kitabxanasının rəhbəri, Misir Prezidentinin elm və təhsil məsələləri üzrə müşaviri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Siracəddin səfəri zamanı ölkə rəsmiləri ilə görüşlər keçirəcək, elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.

"Biz Azərbaycan və Misir arasında qarşılıqlı əməkdaşlığın hələ ki birinci mərhələsindəyik. Əməkdaşlığın elm sahəsi bizim Azərbaycan-Misir münasibətlərini, xüsusilə də kənd təsərrüfatı, biotexnologiya sahəsində möhkəmləndirə biləcəyimiz aspektlərdən biridir", - Siracəddin vurğulayıb.

Onun sözlərinə görə, Misir və Azərbaycan arasında mədəni və elmi münasibətlərin möhkəmlənməsində İsgəndəriyyə Kitabxanasının Qəyyumluq Şurasının fəxri üzvü seçilən Azərbaycanın birinci xanımı Meriban xanım Əliyeva böyük rol oynayır.

"Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni həyatında rolu İsgəndəriyyə Kitabxanasının işində böyük təcrübə olacaq. Onun mövqeyi İsgəndəriyyə Kitabxanasının strateji planlarının hazırlanmasında iştirak etməyə imkan verir, buna əlavə olaraq isə Azərbaycan mədəniyyətini Misir və ərəb dünyasında irəliyə aparır", - Kitabxana rəhbəri qeyd edib.

Eyni zamanda, İsgəndəriyyə Kitabxanasının Qəyyumluq Şurasına başçılıq edən Misirin birinci xanımı Suzan Mübarək ölkələr arasında müxtəlif sahələrdə elmi münasibətlərin inkişafına böyük maraq göstərir.

"İsgəndəriyyə Kitabxanası ölkələr arasında elmi və mədəni əməkdaşlığı genişləndirmək üçün bir sıra tədbirlər planlaşdırır", - Siracəddin vurğulayıb.

Onlar arasında Azərbaycanın məşhur kitablarının ərəb dilinə tərcüməsi və Azərbaycanın İsgəndəriyyə Kitabxanasının illik beynəlxalq kitab yarmarkasına qonaq qismində dəvət olunması var. Onun sözlərinə görə, bu, təkcə Azərbaycan mədəniyyətinin yayılmasına deyil, eləcə də regionu ölkənin başlıca problemi - Dağlıq Qarabağ münaqişəsinin reallıqları ilə tanış etməyə xidmət edəcək.

"İsgəndəriyyə Kitabxanasının tədbirlərində daimi iştirak son nəticədə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi daxil olmaqla, Azərbaycana marağın artmasına səbəb olacaq", - Kitabxana rəhbəri qeyd edib.

Misirin İsgəndəriyyə şəhərinin qədim kitabxanası 2500 il bundan əvvəl tikilib. Kitabxana dövrünün başlıca elm mərkəzlərindən hesab olunub. Orada, yeri gəlmişkən, Arximed və Evklid çalışıb.

Misir hökuməti Kitabxanaya xüsusi status verib. Onun rəhbərləri şəxsən ölkə Prezidentinə tabedirlər.

Misir parlamentinin senatoru olan Siracəddin də İsgəndəriyyə Universiteti və fəxri doktoru olduğu Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlığın genişləndirilməsi üzərində işləməyi planlaşdırır.

2010-cu il üçün dünya universitetlərinin reytinqinin məlumatına əsasən, İsgəndəriyyə Universiteti 147-ci yeri tutur və təkcə Misirdə deyil, eləcə də Yaxın Şərqdə nüfuzlu ali məktəblərdən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti