Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vitali İgityan Ermənistan hərbi hissəsinin əsgərləri arasında baş vermiş atışma zamanı öldürülüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun cümə günü Trend-ə verdiyi məlumata görə, ermənilər İgityanın Azərbaycan Ordusu tərəfindən öldürüldüyü barədə yalan məlumat yaymaqla, hadisəni ört-basdır etmək istəyirlər.
Erməni mətbuatı oktyabrın 14-ü saat 19:00 radələrində Dağlıq Qarabağın Hadrut rayonu istiqamətində Azərbaycan tərəfindən açılan atəş nəticəsində 38401 saylı hərbi hissənin əsgəri İgityan Vitali Aşotoviçin başından yaralandığı və onun hospitala aparılarkən yolda öldüyü barədə məlumat yayıb.
Sabiroğlu bildirib ki, ermənilər oktyabrın 14-də baş verən hadisənin motivini tamamilə dəyişərək, onu başqa cür təqdim edirlər.
Son sutka ərzində Hadrut istiqamətində atəşkəs rejiminin pozulmadığını deyən nazirlik rəsmisi bildirib ki, kəşfiyyat məlumatına görə, oktyabrın 14-ü saat 18:30 radələrində ermənilərin 38401 saylı hərbi hissəsində əsgərlər arasında atışma olub. Nəticədə bir erməni əsgər ölüb, ikisi isə ağır yaralanıb.
Sabiroğlu deyib ki, ermənilərin bu faktı gizlətməsi son vaxtlar Ermənistan ordusunda belə faciəvi hadisələrin tez-tez baş verməsi ilə əlaqədardır.