Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir S.Ağayeva/
Cenevrə şəhərində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması məsələsi müzakirə olunacaq.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, oktyabrın 18-də Cenevrə şəhərində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı İşçi Qrupunun 8-ci iclasının və oktyabr 19-22-də ABŞ, Avropa İttifaqı, Kanada, Yaponiya, Norveç, İsveçrə, Çinin Tayvan əyaləti və bir sıra digər ÜTT üzvləri ilə mallar və xidmətlər üzrə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının ÜTT-yə daxil olması ilə bağlı Danışıqlar Qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti sözügedən danışıqlarda iştirak edəcək.