...

Argentinada Azərbaycana həsr olunmuş jurnal nəşr olunub

Siyasət Materials 19 Noyabr 2010 10:55 (UTC +04:00)
Argentinada "La Revista Diplomatica PLACET" diplomatiya jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunub.
Argentinada Azərbaycana həsr olunmuş jurnal nəşr olunub

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Hacıyev/

Argentinada "La Revista Diplomatica PLACET" diplomatiya jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunub. Məlumatı cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Azərbaycanın Argentinadakı səfirliyinin Argentinada diplomatik korpusun fəaliyyətini əks etdirən, habelə xarici siyasət və beynəlxalq əlaqələrə dair ispan dilində çap olunan "La Revista Diplomatica PLACET" jurnalının redaksiyası ilə birgə əməkdaşlığı nəticəsində həmin jurnalın Azərbaycan ilə bağlı xüsusi buraxılışı nəşr olunub.

"AZERBAIYÁN - una herencia rica, un presente prospero y un futuro brillante" ("AZƏRBAYCAN - zəngin irs, çiçəklənən müasirlik və parlaq gələcək") adlı bu xüsusi buraxılış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında, Azərbaycana dair ümumi məlumatlar, ölkəmizin xarici siyasi prioritetləri, bu xüsusda Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, Azərbaycan iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın turizm potensialı, ölkəmizdə idman sahəsinin vəziyyəti, milli mətbəximiz barədə, habelə Azərbaycan haqqında bütün sahələr üzrə internet-portalların siyahısını əks etdirən rubrikalardan ibarətdir.

Nəfis tərtibata malik bu xüsusi buraxılış aidiyyəti üzrə məlumatlar, fotoşəkillər və digər qrafiki materialların istifadəsi ilə hazırlanıb.

Ölkəmiz haqqında əhatəli məlumatların "La Revista Diplomatica PLACET" jurnalının xüsusi buraxılışı kimi nəşrində məqsəd geniş oxucu kütləsinə və yayımlanma resurslarına malik bu jurnal vasitəsilə Argentina ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə əyani olaraq tanış edilməsi, ümumilikdə Argentinada ölkəmizin imicinin təşviqidir.

Xəbər lenti

Xəbər lenti