...

Rusiya çox tezliklə NATO-nun üzvü olacaq - Gürcüstanın eks-prezidenti

Siyasət Materials 22 Noyabr 2010 11:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya çox tezliklə NATO-nun üzvü olacaq, bu məsələ praktiki olaraq artıq həll edilib. Bu barədə Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze bu gün "Asaval-Dasavali" həftəliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu rakursda Gürcüstanın ərazi bütövlüyünün bərpası "çox çətin nail olunan perspektivdir". "Gürcüstan hakimiyyəti zəruri olmasına baxmayaraq, Rusiya ilə danışıqlara getmir. RF ilə dialoqsuz Gürcüstanın ərazi bütövlüyü məsələsini həll etmək mümkün deyil. Biz bu haqda çoxdan danışırıq. Lakin danışıqları kim aparacaq?", - Şevardnadze deyib.

Eks-prezident qeyd edib ki, NATO PA-da Gürcüstana dəstək məqsədilə qəbul edilən qətnamələr "heç nəyi həll etmir". "Bunlar ümumi sözlərdir. Hələ mənim prezidentliyim dövründə BMT Gürcüstanın xeyrinə səkkiz qətnamə qəbul etmişdi, lakin heç kim onları yerinə yetirmir", - o, bildirib.

Şevardnadze bildirib ki, son dövrlər bir vaxtlar müharibənin dayandırılması haqqında Gürcüstan-Rusiya sazişinin təşəbbüskarı kimi çıxış edən Fransa Prezidenti Nikolya Sarkozi "çoxmənalı susur". "O, bu gün bu sazişin yerinə yetrilməsini tələb etmir, çünki onun özünün çoxlu problemləri var və çətin ki, o, bir də Gürcüstan-Rusiya münasibətlərini yoluna qoymağa cəhd etsin", - sabiq prezident deyib.

Şevardnadze Gürcüstan və ABŞ prezidentlərinin görüşünü Tbilisi üçün vacib görüş adlandırıb. "Bu, ABŞ tərəfdən Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsidir və bu, vacibdir", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti