...

"WikiLeaks"in materialları təxribat xarakteri daşıyır – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Dekabr 2010 13:07 (UTC +04:00)
"WikiLeaks"in materialları təxribat xarakteri daşıyır. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
"WikiLeaks"in materialları təxribat xarakteri daşıyır – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Son dörd abzasda Əli Həsənovun çıxışı əlavə olunub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

"WikiLeaks"in materialları təxribat xarakteri daşıyır. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu məlumatlar ölkələri, ölkələrin rəhbərlərini qarşı-qarşıya qoymaq məqsədi ilə və onlar arasında etimadsızlıq yaratmağa cəhd göstərilməsi üçün yayılıb.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin öncə yaydığı məlumata görə, saytda Prezident İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

Əli Həsənovun sözlərinə görə, bu cəhdlərin nəyə xidmət etdiyi gələcəkdə aydın olacaq.

Həsənov bildirib ki, "WikiLeaks"in materiallarını yaymaqda məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır.

PA rəsmisi Azərbaycan Prezidentinin guya Türkiyənin enerji mərkəzinə çevrilməsinə razı olmaması barədə saytın yazısını böhtan və əsassız sayıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür.

"Prezidentin dəfələrlə çıxışlarında ifadə etdiyi bu fikirləri çox ustalıqla redaktə edərək, "Azərbaycan Türkiyənin enerji mərkəzi olmasını istəmir" fikrini ortaya atıblar. Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi. Bunu eləyən dövlətin başçısı indi belə bir söz deyərmi? Əlbəttə, Prezident heç vaxt belə fikir səsləndirməyib, bu, sadəcə maraqlara uyğun olaraq edilmiş redaktədir", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti