...

Rusiya və Qazaxıstanın birgə HHM sistemi yaratması ABŞ-da etiraz doğurmayacaq - ekspert

Siyasət Materials 10 Dekabr 2010 11:56 (UTC +04:00)
Rusiya və Qazaxıstanın vahid hava hücumundan müdafiə (HHM) sistemi yaratmaq haqqında razılığa gəlməsi Birləşmiş Ştatlara narahat olmaq üçün əsas vermir, çünki bu, NATO-nun Əfqanıstanda əməliyyatlar həyata keçirməsinə mane olmayacaq. Mərkəzi Asiya regionu üzrə finlandiyalı ekspert İqor Torbakov belə hesab edir.
Rusiya və Qazaxıstanın birgə HHM sistemi yaratması ABŞ-da etiraz doğurmayacaq - ekspert

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Y.Ostapenko/

Rusiya və Qazaxıstanın vahid hava hücumundan müdafiə (HHM) sistemi yaratmaq haqqında razılığa gəlməsi Birləşmiş Ştatlara narahat olmaq üçün əsas vermir, çünki bu, NATO-nun Əfqanıstanda əməliyyatlar həyata keçirməsinə mane olmayacaq. Mərkəzi Asiya regionu üzrə finlandiyalı ekspert İqor Torbakov belə hesab edir.

"NATO yüklərinin Qazaxıstan ərazisi vasitəsilə Əfqanıstana nəqlinin mürəkkəbləşəcəyi ilə (vahid HHM-yə görə) bağlı narahatlığa əsas yoxdur. Rusiya özü Birləşmiş Ştatlarla Əfqanıstanla bağlı məsələlərdə fəal əməkdaşlıq edir", - Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutunun (FIIA) analitiki Torbakov telefonla Trend-ə bildirib.

O, hesab edir ki, Qazaxıstan əlbəttə ki, Mərkəzi Asiya regionunda mühüm strateji yer tutur, lakin bu məsələ ilə bağlı ABŞ-ın narahat olmağına dəyməz. Vahid HHM sistemi yaratmaq ideyası yeni deyil və amerikalılar danışıqların gedişini diqqətlə izləyirlər.

Qazaxıstan böyük neft və qaz ehtiyatlarına malikdir, onun ərazisindən bir çox enerji marşrutları keçir. Qazaxıstan əsasən, Rusiya, Çin, eləcə də Aİ ölkələrinə Rusiya və Xəzəryanı ölkələrin ərazisi ilə enerji daşıyıcıları ixrac edir.

Əfqanıstanda sabitliyin bərpa olunması üzrə ISAF missiyasının səylərinin həyata keçirilməsində də Qazaxıstanın rolu böyükdür. Bu yaxında ABŞ-la əldə olunan razılaşmaya əsasən, Qazaxıstanın hava məkanından Əfqanıstana hərbi yüklərin tranziti üçün də istifadə olunur.

Torbakovun sözlərinə görə, Rusiya və Qazaxıstanın vahid HHM sistemi yaratmaq ideyası Moskvada cümə axşamı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində də müzakirə olunub. Ümumi HHM yaradılması və təhlükələrə birgə çevik reaksiya sammitin iki əsas mövzusu olub.

"Qazaxıstanla HHM üzrə razılaşma müəyyən irəliləyişdir və Rusiya çox güman ki, bu ideyanın MDB regionunun digər ölkələrinə itələməyi davam etdirəcək", - Torbakov bildirib.

Vahid hava hücumundan müdafiə sistemi yaratmaq barədə qərar Rusiya və Qazaxıstan rəhbərliyi tərəfindən çərşənbə günü Moskvada keçirilən Rusiya və Qazaxıstan hərbi idarələri başçıları arasında danışıqların yekunları üzrə qəbul edilib. İki ölkənin ümumi müdafiə məkanını möhkəmləndirilməsi üçün Rusiya Qazaxıstana S-300 zenit-raket sistemi satacaq.

SSRİ dövründə belə sistem mövcud idi, onun süqutundan sonra yeni postsovet dövlətləri bu sistemin onlara lazım olmadığını hesab etdilər. Lakin Torbakovun fikrincə, məlumdur ki, MDB dövlətlərinin əksəriyyəti özlərinin HHM sistemlərini yaratmağa qadir deyillər, halbuki onların təhlükəsizliyi üçün potensial təhdidlər hələ də mövcuddur. Beləliklə, MDB-nin ayrı-ayrı ölkələri üçün Rusiyanın təklifi cəlbedici ola bilər.

Bir aydan az müddətdə Rusiya NATO ilə Avropada raket hücumundan müdafiə (RHM) sistemlərinin işlənməsi haqqında birgə razılaşma əldə edib, bu da alyansın Lissabonda Rusiya-NATO Şurası iclasının başlıca nəticəsi olub.

Rusiya və NATO arasında hələlik raket təhlükələrinin  mənbələri ilə bağlı vahid fikri yoxdur. ABŞ və NATO üzvü olan Avropa ölkələri bu sıradan İran və Şimali Koreyanın adını çəkirlər. Eyni zamanda, NATO üzvləri arasında da fikir ayrılıqları mövcuddur. Məsələn, Türkiyə İranı potensial nüvə təhlükəsi mənbələri sırasına daxil etməkdən imtina edib.

"Beləliklə, potensial təhlükə barədə vahid fikir yoxdur, hər kəs bu problemi necə lazım bilirsə, elə də həll etməyə çalışır", - Torbakov MDB ölkələrinin öz müdafiə sistemlərinin yaradılmasında maraqlı olduqlarını şərh edərkən bildirib.

Xəbər lenti

Xəbər lenti