...

Fransada ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 13 Dekabr 2010 14:52 (UTC +04:00)
Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi dekabrın 12-də Parisin "Prəns de Gall" otelinin Panişah salonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriblər.
Fransada ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi dekabrın 12-də Parisin "Prəns de Gall" otelinin Panişah salonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriblər.

Azərbaycanın Fransadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Fransa ictimaiyyəti nümayəndələrinin, diaspor təmsilçilərinin, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızın, səfirliyin və nümayəndəliyin əməkdaşlarının iştirak etdiyi tədbiri açan səfir Elçin Əmirbəyov Azərbaycanın son otuz ildən artıq bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olmasını diqqətə çatdırıb, ulu öndərin bütün mənalı ömrünü ölkəsinin çiçəklənməsinə, inkişafına, xalqının firavan yaşamasına həsr etdiyini vurğulayıb.

Heydər Əliyevin uzaqgörən siyasət xadimi kimi tarixi hadisələrin gedişini öncədən müəyyən etdiyini xatırladan Əmirbəyov, ümummilli liderin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə mühüm dönüş yaratdığını, müstəqil dövlətin qurucusu olduğunu qeyd edib.

Səfir 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adı ilə tarixə düşmüş ilk beynəlxalq neft müqaviləsinin konsepsiyasının Heydər Əliyev tərəfindən işlənib hazırlandığını və bununla da müstəqil Azərbaycanın neft strategiyasının əsasının qoyulduğunu bildirib.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb, beynəlxalq aləmdə ölkəmizin imici yüksəlib.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın müxtəlif ölkələrinə səpələnərək yaşamağa məcbur olmuş azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər dünya azərbaycanlılarının təşkilatlanmasına və onların Azərbaycan ətrafında sıx birləşmələrinə nail olub, dekabrın son gününün dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsinin əsasını qoyub.

Ümummilli liderimiz Heydər Əliyevin əziz və işıqlı xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Tədbirdə uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi kimi fəaliyyəti şanlı tariximizin səhifələrinə həkk olunmuş Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonda muğam triosunun ifasında muğam və mahnılar səslənib.

Tədbirdə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova iştirak edib.

Xəbər lenti

Xəbər lenti