Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir T.Konyayeva/
Beynəlxalq Amnesty International təşkilatı Çabahar şəhərində 39 nəfərin həlak olması ilə nəticələnən terror aktının təşkilində müqəssir bilinən 11 nəfərin edam olunmasını pisləyib. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.
"Çabahardakı terror aktı iyrənc cinayətdir və biz onu qətiyyətlə pisləyirik. Lakin biz ədalət məhkəməsi deyil, qisas aktı olan edamları da pisləyirik", - Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə regional proqramının direktoru Malkolm Smart (Malcolm Smart) bildirib.
Bazar ertəsi səhər İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində dekabrın 15-də Çabaharda baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürən "Cundullah" qruplaşmasının 11 üzvü edam olunub.
Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib. Terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.
Məlumatda o da bildirilir ki, hakimiyyət tərəfindən mühakimə olunan altı kişi barəsində ittihamın (əgər ümumiyyətlə belə şey varsa) heç bir təfərrüatları və özünün qərəzkarlığı ilə məşhur olan İnqilab Məhkəməsi tərəfindən edam olunan 11 nəfərlə bağlı məhkəmə araşdırmasının hansısa detalları açıqlanmır.
Əldə olunan məlumata görə, 11 nəfərdən dördü dövlət nümayəndələrinə qarşı silah təbiq etməkdə, adam olğurluğu və digər cinayətlərdə ittiham olunublar.
Daha bir nəfər ötən ilin iyulunda Zahidan məscidindəki partlayışın təşkili ittihamı ilə mühakimə olunub.
2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27-yə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.
"Cundullah" lideri Əbdülməlik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarənin göyərtəsində həbs edilib. Təşkilatın məlumatgında deylilir ki, Riqinin də işi ilə bağlı ədalətli məhkəmə dinləmələri keçirilməyib.
"İran hakimiyyəti ictimai təhlükəsizliyin müdafiəsinə və cinayət törədənlərin məsuliyyətə cəlb edilməsinə görə məsuliyyət daşıyır. Bu zaman onlar insan haqlarına hörmət etməli və beynəlxalq hüquq qarşısında öz öhdəliklərini yerinə yetriməlidirlər", - Smart deyib.
Onun sözlərinə görə, edilən edamlar bu tələblərlə tam ziddiyyət təşkil edir.
"Amnesty International cinayətin xarakterindən, cinayətkarın keyfiyyətlərindən və ölümə məhkum edilənin edamında istifadə olunan üsuldan asılı olmayaraq, bütün hallarda edam cəzalarının əleyhinə çıxış edir, çünki ölüm cəzası özü-özlüyündə insan haqqını inkar edir", - məlumatda qeyd olunur.