...

Türkiyə "Nabukko" və "Cənub axını" uğrunda döyüşdə əsas qalibdir – Aleksandr Rar

Siyasət Materials 24 Dekabr 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Türkiyə İran, İraq və Xəzəryanı ölkələrdən qaz alışında iqtisadi baxımdan çox maraqlı olan ölkədir. Alman politoloq, enerji siyasəti üzrə ekspert, "Rusiya qaz verir" kitabının müəllifi Aleksandr Rar (Alexander Rahr) belə hesab edir.

"Türkiyə Avropada Rusiya və Mərkəzi Asiya qazının distribüteri olmaq istəyir və bu mənada o, "Nabukko" və "Cənub axını" uğrunda döyüşdə əsas qalibdir", - Almaniyanın Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru Rar telefonla Berlindən Trend-ə bildirib.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Uzunluğu 3300 kilometr olan boru kəmərinin texniki nəqletmə gücü ildə 31 milyard kubmetr təşkil edəcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Əsas qaz tədarükçüləri kimi, Azərbaycan, İraq və Türkmənistan nəzərdə tutulut

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Cənub axını" layihəsi Avropaya yeni qaz nəqli marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENI şirkəti və "Qazprom" həyata keçirirlər. Onlar 2007-ci il iyunun 23-də dəniz qaz kəmərinin tikintisi haqda saziş imzalayıblar.

"Cənub axını" layihəsinin dəniz hissəsinin Qara dənizin dibi ilə Rusiya ("Bereqovaya" kompressor stansiyası) sahillərindən Bolqarıstan sahillərinədək uzanması planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu 900 kilometrə yaxın, maksimum dərinliyi isə 2 min kilometrdən artıq təşkil edir.

Plana görə, qaz kəməri 2014-cü ildə istismara veriləcək. Onun buraxılış qabiliyyəti ildə 63 milyard kubmetr təşkil etməlidir. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 25 milyard avro dəyərində qiymətləndirilir.

Trend-in Ekspert Şurasının üzvü Rarın fikrincə, istənilən halda Avropaya qaz Türkiyədən gedəcək ki, bu da onun vəziyyətini son dərəcə əlverişli edir.

"Türkiyə yeganə ölkədir ki, onsuz Mərkəzi Asiyadan Avropaya bir dənə də olsun qaz kəməri tikilməyib. Ankara bugünkü kimi, sadəcə olaraq qaz tranzitçisi olmaq istəmir. O, özünün yaxşı  geosiyasi vəziyyətindən istifadə edərək, bu kartı udur və qazı alıb-satacaq", - Rar deyib.

Onun fikrincə, Türkiyənin mühüm enerji daşıyıcısı olan qazı tranzit edən ölkədən onun satıcısına çevrilmək şansı var.

Ekspert hesab edir ki, bu, ölkənin Asiya və Avropa arasında rolunu nəhəng dərəcədə gücləndirir.

"Lakin  Türkiyənin bu statusu əldə etməsinə Qərbin nə dərəcədə imkan verəcəyini zaman göstərəcək", - o, deyib.

Rarın fikirncə, ola bilsin ki, qaz satışında Türkiyənin tərəfdaşlarından biri bu gün doğrudan da Türkiyə ilə əməkdaşlıq etməkdən başqa heç nəyi qalmayan İran olsun.

Rarın sözlərinə görə, bu gün Qərb energetika da daxil olmaqla bütün sahələrdə İranla əməkdaşlıq etməkdən imtina edir və İran Prezidenti Mahmud Əhmədinejad bugünkünə bənzər bəyanatlar verməyi davam etdirənədək imtina edəcək.

Ekspertin fikrincə, lakin əslində Tehrana öz qazını, o cümlədən Qərbə satmaq çox vacibdir, çünki İran iqtisadiyyatının böyük hissəsi enerjidaşıyıcıların satışına istiqamətlənib və ona əməkdaşlıqdan imtina etmək əl vermir.

"Tehranın qaz amilinin Avropada və ya Qərbdə hələlik mühüm rol oynamadığını anlaması vacibdir. Nə İran, nə Rusiya, nə də digər ölkələr öz qaz ehtiyatlarına görə Avropaya şərt diqtə edə bilərlər", - ekspert bildirib.

Rarın fikrincə, əgər İran siyasi planda dəyişməzsə, onda öz qazını Avropaya sata bilməz.

"Ən azı yaxın iki ildə maye qaz satışı və bu gün Avropanın ekologiya ilə bağlı mülahizələrlə əlaqədar imtina etdiyi və gələcəkdə tamamilə razılıq verə biləcəyi şist qazı yataqlarının işlənməsi mümkünlüyü nəzərə alınarsa, Avropada qaz kifayət miqdarda olacaq", - ekspert deyib.

O, hesab edir ki, hər iki qaz kəmərinin - həm "Nabukko" və həm də "Cənub axını" - eyni vaxtda Avropaya sadəcə olaraq lazım olmadığını da anlamaq lazımdır.

Rarın sözlərinə görə, Rusiya nəhəng miqdarda vəsait qoymaqla "Cənub axını"nı tikməkdə israrlıdır.

"Nabukko" məsələsi isə hələlik açıqdır, çünki bir tərəfdən şirkətlər bu prosesdə iştirak etməyə o qədər də tələsmirlər, digər tərəfdən isə Aİ-də siyasətçilər bu layihəni o dərəcədə dəstəkləyirlər ki, onun olmayacağına inanmaq olmur", - o, deyib.

Hər halda, ekspert hesab edir ki, "Nabukko" zərurətdən daha çox, siyasi iradəyə görə tikiləcək.

"Qərb bir qədər çəkindiyi Rusiyadan yan keçməklə axınları şaxələndirmək üçün "Nabukko"nu tikməyi çox istəyir", - Rar deyib.

Xəbər lenti

Xəbər lenti