...

Azərbaycandan 759 əcnəbi çıxarılıb

Siyasət Materials 12 Yanvar 2011 11:44 (UTC +04:00)
DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, habelə müvəqqəti və daimi yaşaması qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
Azərbaycandan 759 əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən dekabr ayında ölkədən 759 əcnəbi çıxarılıb.

DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, habelə müvəqqəti və daimi yaşaması qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Tədbirlər nəticəsində 930 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

685 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 74 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

59 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.  Əcnəbilərdən 171 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Ötən ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5 117 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda öyrənilib və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq icra edilib.

Xəbər lenti

Xəbər lenti