Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası cümə axşamı 2010-cu il avqustun 16-da imzalanan və 2010-cu il dekabrın 22 -də Milli Məclisdə ratifikasiya olunan "Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin təsdiqlənməsi barədə qanun layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti yazır.
Komissiya 2010-cu il dekabrın 24-də bu müqavilənin ratifikasiyası haqqında qanun layihəsinin baxılmasına başlayıb. Sənəd Parlamentə dekabrın 8-də daxil olub.
Bir müddət əvvəl Parlamentdən Trend-ə deyildiyi kimi, sənəd Xarici əlaqələr komissiyasından keçdikdən sonra bu müqavilənin ratifikasiyası haqqında qanun layihəsi baxılmaq üçün TBMM-nin Baş Assambleyasına təqdim olunacaq, daha sonra isə o ölkə prezidenti tərəfindən təsdiq olunmalıdır.
"Azərbaycanla bağlı olan qanunlar kifayət qədər asan hazırlanır, bununla bağlı deputatlar arsında fikir ayrılıqları olmur. Komissiyadan keçdikdən sonra saziş bir ay ərzində qüvvəyə minə bilər", - Parlamentdən bildiriblər.