Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/
ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyasında Azərbaycanda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilər müsbət qiymətləndirilib. Bu barədə Trend-ə bazar ertəsi ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov məlumat verib.
İbrahimovun sözlərinə görə, Azərbaycanda parlament seçkilərində ATƏT müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun Vyanada sessiya zamanı çıxışında və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabatda müəyyən narazılıqlar olsa da, ATƏT PA Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndirib.
Millət vəkilinin sözlərinə görə, iclasda Rusiya, Qazaxstan, İtaliya nümayəndələri də öz çıxışlarında Azərbaycanda ötən ilin noyabr ayında keçirilən seçkiləri müsbət qiymətləndiriblər.
Vyanada keçirilən ATƏT PA-nın X qış sessiyasının daimi komitəsində müxtəlif ölkələrdə keçirilmiş parlament seçkilərinə dair hesabatlar dinlənilib.