Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T.Hacıyev/
ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bazar günü Bakıya gəlib.
Səfər ATƏT-in regiondakı fəaliyyətini və Litva sədrliyinin 2011-ci il üçün prioritetlərini müzakirə etmək məqsədi daşıyır.
Ajubalis səfər zamanı Azərbaycan prezidenti, ölkənin xarici işlər naziri, siyasi partiya, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək niyyətindədir.
Ajubalis martın 13-14-də Bakıda, 15-16-da Tbilisidə və 17-18-də Yerevanda olacaq. Trend-in məlumatına görə, bu barədə öncə yayılan ATƏT-in məlumatında deyilir. Bu səfər Litva sədrliyinin regiona ilk səfərdir.
ATƏT məkanında yubanmış münaqişələrin həllində irəliləyiş Litva sədrliyinin prioritetidir. Müzakirə mövzusu Dağlıq Qarabağ nizamlaması, ATƏT-lə, xüsusilə Bakı və Yerevandakı nümayəndəliklərlə əməkdaşlıq, habelə Cenevrə müzakirələri çərçivəsində göstərilən səylər olacaq.
Ajubalis paytaxtların hər birində KİV nümayəndələri ilə görüşəcək.