...

TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması nəzərdə tutulur

Siyasət Materials 21 Aprel 2011 15:22 (UTC +04:00)
Aprelin 27-dən 29-dək Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) II Plenar Sessiyası keçiriləcək.
TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 27-dən 29-dək Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) II Plenar Sessiyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında TÜRKPA-nın baş katibi Ramil Həsənov məlumat verib.

Həsənov bildirib ki, sessiya ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Onun sözlərinə görə, tədbirlə əlaqədar TÜRKPA katibliyinin nümayəndələri aprelin 24-də Astanaya yola düşəcəklər.

Baş katib qeyd edib ki, sessiyanın gündəliyinin layihəsi də hazırdır. Həsənov Astana toplantısının keçmiş sovetlər ittifaqının tərkibində olmuş türkdilli dövlətlərin müstəqillik qazanmalarının 20 illik yubileyinə həsr olunduğunu deyib.

"Sessiyada TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması nəzərdə tutulur. Bunlar sosial; mədəniyyət və humanitar məsələlər; iqtisadiyyat, ticarət və maliyyə; hüquq və beynəlxalq əlaqələr komissiyalarıdır", - Həsənov vurğulayıb. Onun sözlərinə görə, tədbirdə TÜRKPA-nın 2011-2012-ci illər üçün fəaliyyət proqramının qəbul olunması da nəzərdə tutulur. Baş katib TÜRKPA-nın sessiyasında İKT PA-nın, TÜRKSOY-un, Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurasının rəhbər şəxslərinin və digər qurumların nümayəndələrinin qonaq qismində iştirak edəcəyini vurğulayıb.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti