...

Azərbaycan və Litva Baş prokurorluqları arasında əlaqələr genişlənir

Siyasət Materials 28 Aprel 2011 11:24 (UTC +04:00)
Litvanın Baş prokuroru Darius Valis və Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycanın Baş prokuroru Zakir Qaralov qonaqları qəbul edib.
Azərbaycan və Litva Baş prokurorluqları arasında əlaqələr genişlənir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Litvanın Baş prokuroru Darius Valis və Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycanın Baş prokuroru Zakir Qaralov qonaqları qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Qaralov qonaqlara demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Azərbaycanda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, kriminogen duruma səlahiyyətli dövlət təsisatları tərəfindən ciddi nəzarətin həyata keçirildiyi, qeydə alınan bütün cinayətlərə, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə qarşı kəsərli mübarizənin təmin olunduğu, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası istiqamətində qətiyyətli işlərin görüldüyü, MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanın çox müsbət göstəricilər əldə etdiyi diqqətə çatdırılıb.

Görüşdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırılıb, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" konvensiyalarına, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, o cümlədən "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi təmin olunub.

Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə "2004-2006-cı illər üçün korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının təsdiq olunması korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təsis edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən son tədbirlərdən söz açan baş prokuror korrupsiya ilə üzləşmiş vətəndaşlara Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət imkanı vermək məqsədilə idarənin nəzdində 161 nömrəli "qaynar xətt" əlaqə mərkəzinin yaradıldığını, dövlət başçısının müvafiq fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibinin 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırıldığını, həmçinin Nazirlər Kabinetinə idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə müraciət olunduğunu bildirib.

Baş prokuror Zakir Qaralov Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirləri alqışladığını, təcrübə mübadiləsi, həmçinin səmərəliliyin artırılmasına dəstək verməyə hazır olduğunu diqqətə çatdıraraq, Aİ tərəfindən dəstəklənən və 2009-cu ilin sentyabrından həyata keçirilməyə başlayan "Azərbaycan Respublikası Baş Prokurorluğu nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin Litvanın Xüsusi Araşdırmalar Xidməti tərəfindən icra olunduğunu və bu layihənin idarənin imkanlarının artırılmasına, eləcə də, Korrupsiya ilə Mübarizə və Şəffaflığın Artırılması üzrə Milli Strategiyanın dəstəklənməsinə yönəldildiyini bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar Azərbaycanda məhkəmə-hüquq sistemi, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndiriblər.

Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında Davamlı Əməkdaşlıq haqqında" Memorandum imzalanıb.

İmzalanma mərasimindən sonra qonaqlar Respublika Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Səfər çərçivəsində litvalı qonaqlar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti ilə ətraflı tanış olublar.

İdarə rəisi Kamran Əliyev qonaqlara idarənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, idarə tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

"Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməklə, bu qəbildən olan cinayətlər barədə vahid informasiya bazası yaradılaraq 2009-cu ilin yanvar ayından mütəmadi və fasiləsiz fəaliyyət göstərməyə başlayıb", - Əliyev vurğulayıb.

Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını bildirən İdarə rəisi Avropa İttifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etməyin, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmağın ölkəmiz üçün çox önəmli olduğunu vurğulayıb, bu tədbiri birgə məhsuldar fəaliyyət kimi qiymətləndirib.

Qonaqlar mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Onlar bu layihəni Azərbaycan ilə Aİ arasında "Şərq Tərəfdaşlığı" çərçivəsində həyata keçirilən daha bir müvəffəqiyyətli addım kimi dəyərləndirib, layihənin müddətinin daha 3 ay uzadılmasını birgə məhsuldar əməkdaşlığın məntiqi nəticəsi kimi səciyyələndiriblər.

Litvalı qonaqlar Baş prokuror Zakir Qaralovun dəvəti ilə aprelin 26-da Azərbaycana rəsmi səfərə gəliblər.

Litva Prokurorluğunun nümayəndə heyəti aprelin 27-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti