Azərbaycan, Bakı, 3 may /Trend/
Azərbaycanda səfərdə olan Özbəkistanın Baş prokuroru Rəşidjon Kadırov çərşənbə axşamı ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.
Trend-in Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb, mövcud zəngin müqavilə-hüquq bazasının mövcudluğunu qeyd edib, demokratiyanın möhkəmlənməsinə xidmət edən məhkəmə və ədliyyə sahəsində islahatlar barədə məlumat verib.
Qonaq Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa dair imzalanmış sənədlərin uğurla həyata keçirildiyini bildirib, səfərin iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə olacağına ümidvar olduğunu vurğulayıb. Kadırov respublikamızın Avropa Şurasının 10 ildən artıq fəal üzvü olduğunu nəzərə alaraq, Azərbaycanın hüquqi sahədə təcrübəsinə maraq göstərib.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunaraq, korrupsiya ilə mübarizə, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.