Azərbaycan, Bakı, 5 may /Trend/
Cümə axşamı Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşüb.
Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Əli Əhmədov Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə mövcudluğunun məmnunluq doğurduğunu və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir Herbert Kvelle iki ölkə arasındakı əlaqələrin sıx dostluq münasibətlərinə söykəndiyini qeyd edib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.