Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/
Çərşənbə axşamı Azərbaycan Parlamenti Azərbaycana gələn turistlər üçün vizaların rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədilə "Ölkədən getmə, ölkəyə gəlmə və pasportlar haqqında" qanuna edilən yeni dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə görə, ölkəyə turist axınının artırılması məqsədilə vizaların rəsmiləşdirilməsi turizm şirkətləri vasitəsilə həyata keçiriləcək. Onlar xarici vətəndaşlarla diplomatik nümayəndəliklər arasında vasitəçi rolunu oynayacaqlar.
Bu dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, belə vizalar həm teleqraf poçtu, həm də elektron qaydada rəsmiləşdirilə bilir. Vizanın verilməsindən imtina edildikdə, bunun əsaslandırılmış səbəbləri göstərilməlidir. Bu halda turistlərə gediş-gəliş üçün birdəfəlik vizalar verilə bilər, bu vizalar üzrə ölkədə qalma müddəti isə 30 gün səviyyəsində müəyyənləşdirilib.
Fors-major vəziyyətlərdə (xəstəlik, müalicə, yaxın qohumların ölümü) bu müddətlər qanuna əsasən uzadıla bilər. Bu da Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli əcnəbilərin gediş-gəlişi məsələsini tənzimləyən qərarında nəzərdə tutulub.
Xaricilər viza almaq üçün Azərbaycanın onların olduqları və ya üçüncü ölkədəki səfirliyinə və ya konsulluğuna təqdim etdikləri ərizələrində səfərin məqsədini və qalma müddətini göstərməlidirlər.
Vizaların rəsmiləşdirilməsi "Gediş-gəliş və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.
Elektron qaydada təqdim olunan viza turistin pasportuna daxil edilmir, lakin sərhəd nəzarət-buraxılış məntəqələrindən keçid zamanı pasportla birgə təqdim olunur. Bu halda nəzarət buraxılış məntəqələrində turistin gəlişi zamanı olduğu kimi gedişi vaxtı da qeydiyyatı aparılır və bu, vizada qeyd edilir.
Viza verilməsi haqqında turistin ərizəsinə baxılmanın ən son müddəti ərizənin təqdim edildiyi andan 15 günədək müəyyən edilib.
Bu dəyişikliklər əsasən 2011-ci ilin Azərbaycanda "Turizm İli" elan edilməsi ilə bağlı həyata keçirilir.