...

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Şəkidə olublar

Siyasət Materials 19 May 2011 20:03 (UTC +04:00)
Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfəri çərçivəsində cümə axşamı ölkəmizin şimal-qərb bölgəsində olub
Çexiya Prezidenti Vatslav Klaus və xanımı Şəkidə olublar

Azərbaycan, Bakı, 19 may /Trend/

Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfəri çərçivəsində cümə axşamı ölkəmizin şimal-qərb bölgəsində olub.

Gəncə beynəlxalq hava limanında Çexiya dövlətinin başçısı Vatslav Klausu və xanımı Liviya Klausovanı Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Vatslav Klaus və onu müşayiət edən nümayəndə heyəti buradan Şəkiyə yola düşüblər.

Çexiya Prezidenti Vatslav Klausun və onu müşayiət edən nümayəndə heyətinin Şəki ilə tanışlığı Kiş kəndindəki qədim Alban məbədindən başlanıb.

Şəki ictimaiyyətinin nümayəndələri ali qonağı hərarətlə qarşılayıblar.

Çexiya Prezidentinə və xanımına məlumat verilib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Qeyd olunub ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında burada Azərbaycan-Norveç birgə "Kiş" layihəsi üzrə bərpa işlərinə başlanıb, 2003-cü ilin sentyabında məbədin açılışı olub. Layihə məşhur norveçli alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü ucaldılıb. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr, içərisində olan tunc dövrünə aid müqəddəs qəbir, Yaloylutəpə mədəniyyətinə aid nümunələr qonaqların xüsusi marağına səbəb olub.

Qonaqlar məbədin həyətində xatirə şəkli çəkdiriblər.

Sonra Çexiya Prezidenti və xanımı Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayını ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Şəki xan sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilib. Qeyd olunub ki, inşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə böyük maraq doğurur. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunub.

Çexiya dövlətinin başçısı və xanımı sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini maraqla seyr ediblər. Sonra Prezident Vatslav Klaus sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ali qonağa Xan sarayına aid kitab hədiyyə olunub.

Daha sonra Çexiya Prezidenti və xanımı "Yuxarı karvansara" mehmanxana kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilmiş mehmanxana kompleksi şəhərin "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Karvansara XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilib. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olurmuşlar. Bu kompleks öz ölçülərinə və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaradır. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Çexiya Prezidenti və xanımı şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlıya hədiyyə təqdim ediblər.

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova qədim Şəki şəhəri ilə tanışlıqdan çox məmnun qaldıqlarını bildiriblər. Qeyd olunub ki, füsunkar təbiətə malik, yüksək qonaqpərvərliyi ilə seçilən bu qədim diyarda tarixi abidələrin qorunub saxlanmasına, sənətkarlığın inkişafına göstərilən diqqət xüsusilə ürəkaçandır. Qonaqlar, eyni zamanda, Xan sarayının, "Yuxarı karvansara"nın gözəlliyinə heyran qaldıqlarını, bu tarixi abidələrin çox cəlbedici olduğunu bildiriblər.

Şəkidən xoş təəssüratla ayrılan Çexiya Prezidenti Vatslav Klaus və onu müşayiət edən nümayəndə heyəti həmin gün Gəncə şəhərinə qayıdıb.

Xəbər lenti

Xəbər lenti