Azərbaycan, Bakı, 4 iyun /Trend/
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyada iyunun 5-də keçiriləcək parlament seçkilərini izləyəcək AŞPA müşahidə missiyasının üzvü kimi bu ölkəyə səfər edib.
Millət vəkilinin də daxil olduğu AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri bu gün Dövlət Seçki Komissiyasının sədri Boris Kondarenko, hazırda iqtidarda olan Makedoniya Milli Birlik partiyasının (VMRO) rəhbərliyindən Qordana Cankulovska, Antonio Milososki, Vasko Naumovski, müxalifətdə olan Makedoniya Sosial Demokrat Birliyinin rəsmiləri İqor İvanovski, Zoran Popov və seçkilərdə iştirak edən digər partiyaların rəsmiləri, Demokratik İnteqrasiya Birliyindən Ermira Mehmeti Devpaja, DPA-nın baş katibi Metin İzeti, LDP rəhbərliyində İvika Bokevski, ND-nin lideri İmer Selmani, NDR-in rəhbərliyindən Vesel Memedi ilə görüşüb, seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparmışlar.
AŞPA-nın müşahidə missiyası eyni zamanda ölkənin nüfuzlu KİV-nin rəsmiləri ilə də geniş müzakirələr aparmışlar. İyunun 5-də seçkiləri izləyəcək AŞPA-nın müşahidə missiyası iyunun 6-da seçkilərlə bağlı açıqlama ilə çıxış edəcək, seçkilərlə bağlı ilkin rəylərini açıqlayacaqlar.