...

Milan Kabrnox: Avropa İttifaqı Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 İyun 2011 13:31 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başa çatıb.
Milan Kabrnox: Avropa İttifaqı Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir (ƏLAVƏ OLUNUB)

Son dörd abzas əlavə edib (ilk xəbər 13:02-də yayılıb)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə axşamı Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başa çatıb.

İclasın başa çatmasına həsr olunmuş mətbuat konfransında Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Milan Kabrnox bildirib ki, 10-cu iclasdan keçən vaxt ərzində (dekabr 2009) Azərbaycanda bir çox mühüm hadisələr baş verib - parlament seçkiləri, Avronestdə təmsilçilik, "Eurovision"da qələbə.

Onun sözlərinə görə, ikigünlük müzakirələr zamanı insan haqları barədə fikir mübadiləsi aparılıb: Eynulla Fətullayevin azad olunmasından məmnunluq vurğulanıb, Avropa İttifaqının bir müddət öncə yaydığı bəyanat müzakirə olunub.

"Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən Avropa İttifaqının bu münaqişənin həll olunmasında mövqeyini bir daha bildirdik və qeyd olundu ki, münaqişə ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır", - Kabrnox qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir və Avropa Komissiyasının prezidenti Barrozonun son səfəri buna sübutdur.

Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin Azərbaycanlı həmsədri Valeh Ələsgərov mətbuat konfransında bildirib ki, ikigünlük görüş ərzində Avropa İttifaqı və Azərbaycan arasında həm iqtisadi, həm siyasi, həm sosial sahədə münasibətlər barədə müzakirələr aparılıb.

"Müzakirələr mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması mövzularını əhatə edib", - Ələsgərov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi belə tədbirlərin daha mütəmadi keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Kabrnox Azərbaycanın Avropa İttifaqına üzv qəbul olunması ilə bağlı bildirib ki, bu məsələ hələ ki müzakirə mövzusu deyil.

Ələsgərov bu məsələ ilə əlaqədar qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunmadan Azərbaycanın Avropa İttifaqına qəbul olunma məsələsi qaldırıla bilməz.

Kabrnox həmçinin bildirib ki, Dağlıq Qarbağ problemi tezliklə həll olunmalıdır, çünki bu problemin həlli bütün regionun inkişafı üçün şərtdir. Eyni zamanda, o qeyd edib ki, münaqişə Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı genişləndirməsinə sədd qoymur.

Ələsgərov isə bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqdan bərabər hüquqlu tərəfdaşlıq gözləyir.

Xəbər lenti

Xəbər lenti