...

TürkPA-nın baş katibi İKT XİN Şurasının 38-ci sessiyasında iştirak etmək üçün Astanaya gəlib

Siyasət Materials 27 İyun 2011 16:08 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənov İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək üçün Astanaya gəlib.
TürkPA-nın baş katibi İKT XİN Şurasının 38-ci sessiyasında iştirak etmək üçün Astanaya gəlib

Qazaxıstan, Astana, 27 iyun /Trend, müxbir A.Maratov/

TürkPA-nın baş katibi Ramil Həsənov İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək üçün Astanaya gəlib. Bu barədə bazar ertəsi Trend-ə Qazaxıstan Məclisindən məlumat verilib.

Bu gün Qazaxıstan Məclisinin sədri, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətdə olan sədri Ural Məhəmmədcanov parlamentdə ali qonağı qəbul edib.

"Görüş zamanı baş katib TürkPA-nın müşahidəçilər missiyasının 12 iyun 2011-ci ildə Türkiyədə parlament seçkilərinə hazırlıq və seçkilərin gedişi haqqında hesabatını təqdim edib. Qazaxıstan tərəfdən missiyanın tərkibinə deputat Uzakkali Yeleubayev daxil olub", - məlumatda verilib.

Məhəmmədcanov TürkPA Katibliyinin hesabat dövrü ərzində fəaliyyəti haqqında da məlumatlandırılıb.

"Görüşün yekunları üzrə TürkPA sədri baş katibə təşkilatın, assambleyanın 18 aprel 2011-ci il tarixdə Astanada TürkPA-nın ikinci plenar iclası zamanı yaradılan daimi komissiyaların fəaliyyətinə dair iş planı layihələrini hazırlamağı tapşırıb", - Məclisdən bildiriblər.

Bundan başqa, TürkPA Katibliyinin strukturu haqqında layihəni təqdim etmək tapşırılıb.

Hazırda Türkdilli Ölkələrin Parlament Assambleyası İKT Parlamentlərarası İttifaqında müşahidəçi statusunu alıb.

TürkPA-nın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

Xəbər lenti

Xəbər lenti