...

Azərbaycan İranın daxili işlərinə qarışa bilməz - Komitə sədri

Siyasət Materials 6 İyul 2011 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyri-hökumət təşkilatlarına və mətbuata cənubi azərbaycanlıların problemlərinə diqqət yetirməyi tövsiyə edib.

Trend-in məlumatına görə, Komitə sədri Nazim İbrahimov jurnalistlərin sualına cavab olaraq bildirib ki, Azərbaycan dövləti İranın daxili işlərinə qarışa bilməz.

"İran bizə dost və qardaş ölkədir. Amma QHT-lər söylədikləri fikirlərdə və atdıqları addımlarda sərbəstdirlər. Düşünürəm ki, QHT-lər və mətbuat cənubi azərbaycanlıların problemlərinə diqqət yetirməlidir", - İbrahimov vurğulayıb.

O, Komitənin dünyanın müxtəlif ölkələrində yaşayan Cənubi Azərbaycandan olan soydaşlarımızla işlədiyini və onların fəaliyyətlərini yaxından izlədiyini qeyd edib.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Dünya azərbaycanlılarının III qurultayındakı çıxışında İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının hər gün pozulduğunu deyib.

Azərbaycanlıların öz övladlarına ana dilində ad qoya bilmək imkanından məhrum edildiyini deyən millət vəkili, İran dövlətinin orada yaşayan azərbaycanlılara qarşı siyasətini kəskin tənqid edib.

Xəbər lenti

Xəbər lenti