...

Azərbaycanın hakim partiyası 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyir

Siyasət Materials 16 İyul 2011 15:11 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyən bəyanat verib.
Azərbaycanın hakim partiyası 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyir

Azərbaycan, Bakı, 16 iyul /Trend

Hakim Yeni Azərbaycan Partiyası 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyən bəyanat verib. Trend-in YAP-ın saytına istinadən verdiyi məlumata görə, bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş Şahmalıyevanın faciəli ölümünün bütün Azərbaycan xalqını dərindən hiddətləndirdiyi və qəzəbləndirdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətinin tərkib hissəsidir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları, xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində, onların qeyri-səmimiliyindən, sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir.

"Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin iç üzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır. Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıq anlayışı ilə bir araya sığmayan əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırır", - bəyanatda bildirilib.

Xəbər lenti

Xəbər lenti