Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Hakimlər tərəfindən yol verilən kobud hüquq pozuntuları ilbəil azalır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
"Səhv hər yerdə ola bilər, lakin kobud hüquq pozuntusuna yol verilə bilməz. Çalışırıq ki, ədalətli, qanuni qərarlar çıxaraq. Lakin kobud pozuntuya yol verən hakim barəsində Məhkəmə Hüquq Şurasına müraciət edirik", - Rzayev deyib.
MHŞ həmin hakim barəsində inzibati icraata başlayır, araşdırma aparır və cəzalandırma ilə bağlı qərar qəbul edir.
Rzayevin fikrincə, əsas məqsəd hakimin cəzalandırılması deyil.
"Hakimin cəzalandırılması gülünc məsələdir. Hakim kiminsə pozulmuş hüququnu bərpa etməlidir, o ki qala hakim özü hüquq pozuntusuna yol versin", - o əlavə edib.
Rzayev həmçinin deyib ki, Ali Məhkəmənin Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv olunmuş qərarları tərəfimizdən icra olunur.
"Həmin işə baxarkən Ali Məhkəmə tərəfindən yol verilmiş pozuntular təkrar işə baxarkən aradan qaldırılır. Əvvəlki illərlə müqayisədə Ali Məhkəmənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmuş qərarlarının sayı azalır. Belə qərarlar o qədər də çox deyil", - Rzayev deyib.
KM fəaliyyəti dövründə fərdi şikayətlər əsasında işə baxaraq Ali Məhkəmənin 77 qərarını ləğv edib.