...

Liviya üsyançıları Qəddafinin doğma şəhəri Sirtə daxil olublar

Siyasət Materials 15 Sentyabr 2011 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Liviya üsyançıları Müəmmər Qəddafinin doğma şəhəri Sirtə daxil olublar. Trend-in məlumatına görə, bu barədə Milli Keçid Şurasının (MKŞ) hərbi komandanlığının nümayəndəsi Visam əl-Hamidi deyib. Məlumatı RİA Novosti yayıb.

"Misratlı qiyamçılar Sirtə daxil olub küçə döyüşləri aparırlar. Düşünürəm ki, yaxın vaxtlarda Sirt azad olunacaq", - o bildirib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurası yaradıb və Şura ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Müəmmər Qəddafinin yeri barədə indiyədək heç nə məlum deyil. Onun ailəsinin bir hissəsi Əlcəzairə qaçıb, oğullarından biri isə bu ərəfələrdə Nigerdə peyda olub.

İnterpol Müəmmər Qəddafi, onun oğlu Seyf əl-İslam və Liviya hərbi kəşfiyyatının keçmiş direktoru Abdullah əs-Sənusinin həbsinə order verib.

Xəbər lenti

Xəbər lenti