...

Azərbaycan Prezidenti Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 16:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhəmiyyətli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrindəki əhalinin sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə ehtiyacı var idi. Yol yenidən qurularkən alt qatı 7, üst qatı 5 santimetr olmaqla ikiqat asfaltla örtülüb. Yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılıb, yolun dar hissələri genişləndirilib. Yol müvafiq nişanlarla təchiz olunub.

Bildirildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ayırıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişi baxımından əlverişli imkanlar açır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir.

Prezident İlham Əliyev kənd sakinləri ilə söhbət etdi. Yolun açılışı münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı əhalinin gediş-gəlişini asanlaşdıracaq bu yolun Qubanın inkişafı üçün əhəmiyyətini vurğuladı. Bildirdi ki, ölkədə bütün yolların, magistralların, o cümlədən kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev bu gün Qubanın inkişaf etdiyini, gözəlləşdiyini, abadlaşdığını da vurğuladı və bu prosesin bundan sonra da davam etdiriləcəyini söylədi.

Qəçrəş kəndinin sakini Həzrətəli Xanmədov bu yolun yenidən qurulmasını əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi və kənd sakinlərinin minnətdarlığını dövlətimizin başçısına çatdıraraq dedi:

- Bu yoldan 15-dək yaşayış məntəqəsinin əhalisi, bir də qonaqlar istifadə edirlər. Məhz Sizin təşəbbüsünüz, Sizin tapşırığınız, Sizin qayğınız nəticəsində bu yol çox yüksək səviyyədə təmir olunub. Möhtərəm Prezidentimiz! Göstərilən bu diqqət və qayğıya görə bütün camaatımız adından, yəni bu yolun üstündə olan bütüm camaat adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Dədə-babadan qalan sözdür: Yol çəkdirmək savab işdir. Allah Sizdən razı olsun!

Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizi bu yolun açılışı münasibətilə təbrik edirəm. Doğrudan da, bu yolun çox böyük əhəmiyyəti vardır. Hər bir yolun əhəmiyyəti vardır. Xüsusilə indi bu şəkillərdə göstərilir və mən də əvvəllər bu yolla getmişəm. Yol çox bərbad vəziyyətdə idi. Torpaq yol idi, sıradan çıxmışdı, camaat əziyyət çəkirdi. İndi gözəl yol çəkilib. Burada yaşayan insanlar üçün çox gözəl şərait yaradılıb. İndi gediş-gəliş asanlaşacaq, turistlər gələcək. Qubanın inkişafı üçün bu yol çox böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrdə biz Xınalığa yol çəkdirdik. İndi Xınalıqdan gələn dostlarımız buradadır. Xınalıqlıları salamlayıram.

Xınalıq sakini: Xınalıqlıların salamını Sizə yetiririk. Sizə uzun ömür, cansağlığı arzu edirik.

Prezident İlham Əliyev: Sağ olun. İndi başqa kəndlərə də yollar çəkilir - həm Qubada, həm də ölkəmizin hər bir yerində. Kənd yollarının çəkilişi hazırda bizim üçün ön plana çıxır. Çünki biz əsas magistral yolları tikmişik, ya da ki, tikinti gedir və başa çatmaq üzrədir. Bütün magistral yollar, Bakı-Quba yolu necə də gözəl olubdur. Rahat, tez gəlmək olur. Dördzolaqlı yoldur, həm təhlükəsizdir, həm də rahatdır. İndi şəhərlərarası yollar tikilir və tikiləcəkdir. İndi növbə gəlib kənd yollarına. Biz bu məsələ ilə ciddi məşğuluq. Bütün ölkə üzrə kənd yolları tikilir. Dövlət büdcəsində də vəsait vardır. Harada ki, vəsait çatışmır, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və bu il, gələn il, yenə də ayrılacaqdır. Elə etməliyik ki, bütün kənd yollarımız bu səviyyədə olsun. Camaat əziyyət çəkməsin. Rahat yaşasın, işləsin, qonaq getsin qonşu kəndlərə. Hər cəhətdən rahat yol ki oldu həyat, necə deyərlər, daha da rahat olur, gözəl olur. Eyni zamanda, bu, iqtisadi cəhətdən də sərfəlidir. Çünki elə kəndlər var ki, orada, misal üçün, tibb məntəqəsi tikmək bəlkə də lazım deyil, yol yaxşı olarsa, gedib qonşu kənddə müalicə almaq olar. Məktəb də həmçinin. Ona görə bu, doğrudan da gözəl hadisədir.

Quba ümumiyyətlə gözəlləşir, - Siz də görürsünüz,- abadlaşır. Gözəl binalar tikilir, müəssisələr açılır, inkişaf gedir.

Sakin: Respublikanın hər yerində, o cümlədən Qubada. Hər bir bölgədə. Çox sağ olun.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Cansağlığı arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti