Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı ümumrespublika məqalə müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Trend-in məlumatına görə, mükafatlandırma mərasiminin açılışında SAM-ın direktor müavini Gülşən Paşayeva bildirib ki, müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətinin, yeni istedadlarının aşkara çıxarılması məqsədi ilə keçirilib.
Onun sözlərinə görə, müsabiqədə Bakı və regionlarda, eləcə də xaricdə ictimai və humanitar elmlər sahəsində təhsil alan bakalavr və magistrlər iştirak ediblər.
Gənclərin Azərbaycanın ictimai-siyasi həyatında aktivlik göstərdiyini qeyd edən Paşayeva gənclərin tədqiqat aparmasının ölkənin inkişafına xidmət etdiyini vurğulayıb.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müsabiqədə Azərbaycanın iqtisadi uğurları barədə yazılan məqalələrin əsas yer tutduğunu vurğulayıb.
"Yazılarda Azərbaycanın dinamik iqtisadi inkişafı əks olunur", - o deyib.
Səmədzadə xaricdə təhsil alan tələbələrin ölkə reallıqları ilə yaxından maraqlandığını da qeyd edib.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda gənclik yüksək səviyyədə öz qabiliyyətini, o cümlədən yazı yaradıcılığı sahəsində qabiliyyətini nümayiş etdirmək imkanı qazanıb.
"Yazı qabiliyyəti insanın ümumi təfəkkür səviyyəsini müəyyən edir", - Seyidov deyib. Onun sözlərinə görə, yazılarda yeni beynəlxalq münasibətlərin cizgiləri müşahidə olunur.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbirdə çıxışında qeyd edib ki, ölkənin inkişafı elmin inkişafı ilə bağlıdır.
Babayev qeyd edib ki, hər il Fond tərəfindən reallaşdırılan elmi layihələrə dövlət tərəfindən ayrılan vəsaitin həcmi artır. "2010-cu ildə elmi layihələrin müsabiqəsi üçün 6 milyon ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 6 milyon 600 min olub", - o bildirib.
Tədbirdə müsabiqənin 10 qalibi və 13 laureatı mükafatlandırılıb.