...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə obyektin açılışlarında iştirak edib (FOTO)

Siyasət Materials 18 Oktyabr 2011 23:23
Oktyabrın 18-də Bakının Xəzər Rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi istifadəyə verilmişdir. Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə obyektin açılışlarında iştirak edib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 oktyabr / Trend /

Oktyabrın 18-də Bakının Xəzər Rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi istifadəyə verilmişdir. Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.

Əvvəlcə məktəbin tədris mərkəzinin foyesində yaradılmış fotostendə baxan Azərbaycanın birinci xanımı daha sonra burada yerləşən akt zalı, ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri ilə tanış oldu. Mehriban xanım Əliyevaya məlumat verildi ki, bütün kabinetlər yeni və müasir avadanlıqla təchiz olunmuşdur. Azərbaycanın birinci xanımı tədris mərkəzinin təmirdən əvvəlki fotoşəkillərinə də baxdı. Bildirildi ki, məktəbdə gənclərin ibtidai hərbi hazırlığına da xüsusi diqqət yetiriləcəkdir.

Heydər Əliyev Fondu yeniyetmə və gənclərin təlim-tərbiyəsinə, inkişafına daim xüsusi qayğı göstərmişdir. Onların yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyəsi, vətənə və cəmiyyətə yararlı insan kimi yetişməsi Fondun prioritet istiqamətlərindəndir.

Daha sonra məktəbdə fəaliyyət göstərəcək interaktiv atəş zalı ilə tanış olan Mehriban xanım Əliyevaya bildirildi ki, belə zal ilk dəfə məhz bu məktəbdə yaradılmışdır, burada gənclərə atəş açmaq öyrədiləcəkdir.

Mehriban xanım Əliyeva məktəbin həyətində inşa olunmuş pintbol, atçılıq və futbol meydançalarına baxdı. Pintbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədiləcəkdir.

Məktəbin həyətində qızlar üçün ayrıca idman meydançası da vardır.

Xüsusi məktəbin yataqxana korpusu ilə tanış olan Mehriban xanım Əliyevaya buradakı qız və oğlanlar üçün ayrıca trenajor otaqları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana, istirahət və yataq otaqları barədə də məlumat verildi.

Azərbaycanın birinci xanımı məktəbin yeməkxanasına da baş çəkdi.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının yeni binası ilə tanış oldu.

Əvvəlcə xəstəxananın stasionar şöbəsi ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, 1973-cü ildən fəaliyyət göstərən xəstəxananın ümumi sahəsi 16 min 700 kvadratmetrdir. Təmirinə 2009-cu ilin avqustundan başlanılan 40 palatalıq xəstəxana yeni avadanlıq və müasir cihazlarla təchiz olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti stasionar şöbədə ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara qayğısını əks etdirən fotostendə baxdı, daha sonra müalicə, bədən tərbiyəsi, psixoloq otaqları, oyun zalı, fizioterapiya otağı, həmçinin palata və yeməkxanada yaradılmış şəraitlə tanış oldu. Fitoterapiya otağında müalicə ənənəvi üsullarla yanaşı, ot çayları, təbii şirələr, oksigen kokteylləri vasitələri ilə də aparılır. Müalicə-bədən tərbiyəsi zalı ən müasir trenajorlarla təchiz edilmiş, palatalar balacaların zövqünə uyğun qurulmuşdur.

Fizioterapiya şöbəsi ilə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, 280 kvadratmetr sahəni əhatə edən binada EKO, EEQ, Spa terapiyası, halvanik vanna, sualtı massaj vannası, fizioterapiya otaqları vardır. Otaqlarda yüksək standartlara cavab verən avadanlıq quraşdırılmışdır.

Tibbi reabilitasiya xəstəxanasının həyəti də abadlaşdırılmış, hovuz tikilmiş, yeni ağaclar, dekorativ kol və güllər əkilmişdir.

Daha sonra Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənnlər Təmayüllü Gimnaziyada oldu.

Rəmzi lenti kəsən Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Tədris binasındakı sinif otaqları, idman və akt zalları ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində təmir olunan mərkəz bir tədris korpusu, iki yataqxana binası, yeməkxana və yardımçı binalardan ibarətdir. Tədris mərkəzinin foyesində Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu islahatları, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilə, o cümlədən gimnaziyaya göstərdiyi qayğını və dövlət atributlarını əks etdirən fotostend vardır.

700 yerlik gimnaziyada 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompyuter sinfi, kimya, fizika laboratoriyaları, dərslik, dünya, şifahi xalq və müasir dövr ədəbiyyatından ibarət zəngin kitabxana mövcuddur. Hazırda burada 611 şagird təhsil alır. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları qurulmuşdur.

Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri var. Hazırda gimnaziyanın yataqxanasında 150 nəfər yaşayır.

Sonra Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan millət vəkili seçilən Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etdi.

Rəmzi qırmızı lenti kəsən Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Azərbaycanın birinci xanımı binanın foyesində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə gül dəstəsi qoydu.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Mehriban xanım Əliyevaya məlumat verdi ki, 3 mərtəbədən ibarət binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır. Birinci mərtəbədə qeyri-iş otaqları və 120 yerlik akt zalı vardır. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

2-ci mərtəbə ilə tanışlıq zamanı Mehriban xanım Əliyeva idarə heyətinin iclaslarının keçirilməsi üçün nəzərdə tutulan konfrans zalına baxdı.

YAP-ın Xəzər Rayon Təşkilatı üzrə 8 mindən çox üzvü vardır. Yeni inzibati binanın inşası da bu zərurətdən irəli gəlmişdir.

Xəbər lenti

Xəbər lenti