Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 1251 nəfərin namizədliyi qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 1566 nəfər imza vərəqi götürüb. Onlardan 1299 nəfəri imza vərəqələrini qaytarıb. Ümumi müraciət edənlərin sayı isə 1604 nəfərdir.
İclasda, həmçinin seçki bülletenlərinin Azərbaycan Respublikasında bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətninin, formasının və sayının hazırlanmasına dair tələblər təsdiqlənib.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər noyabrın 30-da keçiriləcək.