...

Bolqarıstan Prezidenti: Azərbaycanın apardığı iş “Cənub” qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır

Siyasət Materials 14 Noyabr 2011 23:30 (UTC +04:00)
Aparılmış danışıqlardan məmnunluğumu bildirmək istərdim. Əminəm ki, bu danışıqlar gələcəkdə münasibətlərimizin inkişafına müsbət töhfə verəcəkdir. Mən cənab Prezident Əliyevlə tam razıyam ki, ölkələrimiz arasında münasibətlərin yaxşı ənənələri vardır. Bu münasibətlər əvvəlki vaxtlardan inkişaf edib. Trend-in məlumatına görə, bunu noyabrın 14-də Bolqarıstan Prezidenti Georgi Pırvanov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
Bolqarıstan Prezidenti: Azərbaycanın apardığı iş “Cənub” qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır

Aparılmış danışıqlardan məmnunluğumu bildirmək istərdim. Əminəm ki, bu danışıqlar gələcəkdə münasibətlərimizin inkişafına müsbət töhfə verəcəkdir. Mən cənab Prezident Əliyevlə tam razıyam ki, ölkələrimiz arasında münasibətlərin yaxşı ənənələri vardır. Bu münasibətlər əvvəlki vaxtlardan inkişaf edib. Trend-in məlumatına görə, bunu noyabrın 14-də Bolqarıstan Prezidenti Georgi Pırvanov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

"Son illər ərzində biz bu siyasəti davam etdirmişik. Bu siyasət yaxşı nəticələr verib.
Aramızda mövcud olan siyasi dialoq, fikrimcə, digər münasibətlərə də şamil edilə bilər. Çünki görürük ki, nazirliklərimiz, parlamentlərimiz arasında fəal təmaslar mövcuddur. Münasibətlərimiz get-gedə inkişaf edir, yeni sənədlər imzalanır. Bu, özlüyündə müsbət bir siqnaldır. Bu, xalqlarımız qarşısında görülən işdir və cəmiyyətlərimizə yönəlmiş bir siqnaldır. Mənim üçün mühüm amil ondan ibarətdir ki, hər iki ölkənin işgüzar dairələri nəinki ticarət dövriyyəsinin artmasına hazırdır, baxmayaraq hələ ki, bu həcm istədiyimiz səviyyədə deyildir. Ümidvarıq ki, apardığımız danışıqlar birgə müəssisələrin yaradılmasına zəmin olacaq və bu müəssisələr gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxacaqlar. Hesab edirəm ki, biz müxtəlif nazirliklərlə məsləhətləşmələrin aparılmasından sonra buna nail ola bilərik. Təbii ki, buna müxtəlif iqtisadi subyektlər də qoşula bilər" Bolqarıstan Prezidenti deyib.

Pıranovun sözlərinə görə, enerji sahəsi münasibətlərimizin çox mühüm sahəsi olaraq qalır.

"Bu, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə də aiddir. Son illər ərzində Azərbaycanın apardığı iş "Cənub" qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır. Bolqarıstan isə öz növbəsində özünəməxsus mövqe tutur və bu münasibətlər çərçivəsində müsbət amil rolunu oynayır. Əslində biz çalışırıq ki, hətta əlaqələrimizi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdən də daha çox inkişaf etdirək. Bu münasibətlərin uzun tarixi vardır. Bu sahədə biz gərgin iş aparırıq. Mətbuat konfransları zamanı biz bir milyard kubmetr qaz həcmi haqqında razılaşmamızı xatırlayırıq. Biz, eyni zamanda, istəyirik ki, bu layihə həyata keçirilsin - Bolqarıstan və Yunanıstan arasında bağlayıcı layihə baş tutsun. Danışıqlar zamanı biz qeyd etdik ki, Azərbaycan Dövlət Neft Şirkəti kimi iri şirkət Bolqarıstanın ərazisində bu layihədən sonra fəaliyyət göstərə biləcəkdir.

Zənnimcə, əməkdaşlığımız üçün yaxşı imkanlar mövcuddur. Bu, böyük şaxələndirmə işinin bir hissəsidir. Biz, sadəcə, bir uğuru qazanmalıyıq ki, Avropaya nümayiş etdirək ki, nəyə nail ola bilərik. Bundan sonra daha genişmiqyaslı nəticələr əldə edə, "Cənub" qaz dəhlizi ilə bağlı yeni ideyalar irəli sürə bilərik. Biz konkret məsələləri müzakirə etdik və bu məsələlər iqtisadi əməkdaşlığımızın elementlərinə çevrilə bilər.

Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır. Biz onu da qeyd etdik ki, Balkan regionunda bu qarşılıqlı mədəni fəaliyyət dəhlizi nəinki Qara dəniz regionu ölkələri, o cümlədən Xəzər dənizi regionu ölkələri ilə aparıla bilər. Mən çox şad olardım ki, cənab Prezident, bu regionda olan digər ölkələr də bu ideyaya qoşulsun, bunun üzərində işləsin. Beləliklə biz nümayiş etdirə bilərik ki, burada tarix mövcuddur və bu, regionlarımızın gələcəyi üçün vacibdir. Biz bu işi birgə apara bilərik.
Avropaya gəldikdə, mən Azərbaycan ilə Avropa İttifaqı arasında daha da fəallaşan dialoqu yüksək dəyərləndirirəm. Bu dialoq "Şərq tərəfdaşlığı" çərçivəsində aparılır. Eyni zamanda, belə bir ideya vardır ki, mən Avropa İttifaqında həmkarlarımın bəziləri ilə bunu bölüşmüşəm, Avropa liderlərinə bu haqda məlumat vermişəm. Mən bunu da burada qeyd etmişəm. Mənim prezidentlik mandatım artıq başa çatmaq üzrədir. Mən qeyd etmişəm ki, Avropa təsisatlarında və Avropa İttifaqına üzv olan dövlətlərdə Azərbaycana güzəştli tərəfdaş statusunun verilməsi çox yaxşı olardı. Çünki bu, elə bir çərçivədir ki, bu çərçivədə nəinki enerji təhlükəsizliyi sahəsində dialoq aparmaq olar, o cümlədən bu dialoq genişləndirilə bilər və digər sahələrdə - nəqliyyat, iqtisadiyyat sahələrində, daha geniş mənada təhlükəsizlik məsələləri sahəsində aparıla bilər. Çünki Azərbaycan çox mühüm bir elementdir və bu, bizim formalaşdırdığımız demokratik dövlətlər və xalqlar arasında olan mühüm bir element və təhlükəsizliyin qlobal şəkildə təmin edilməsində mühüm amildir. Çünki bizim qarşımızda duran çağırışlar eynidir. Bu, həm Avropa İttifaqı, həm də ona qonşu, tərəfdaş olan ölkələr üçün vacibdir. Ona görə, biz çalışmalıyıq ki, daha müasir üsullarla birgə fəaliyyət göstərək. Mən tam əminəm ki, yaxın perspektivdə Avropa İttifaqı daxili problemlərini həll etdikdən sonra daha düzgün və qəbul edilə biləcək həll variantlarını tapacaqdır" Bolqarıstan Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti