Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Rusiya Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasını (RLS) tam yenidən qurmağı planlaşdırır, eyni zamanda RLS-in ehtiyacları üçün icarəyə götürülən ərazinin həcmini azaltmağa çalışır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə RF-nin müdafiə naziri Anatoli Serdyukov bildirib.
Dünən RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarəsi müddətinin 2025-ci ilədək uzadılması ilə bağlı Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Bu obyektin icarəsi və onun istismarı şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də bitir.
"Bizim bunu necə edəcəyimizlə bağlı anlayışımız var. Ehtimal ki, bu, zavodda hazırlanmış stansiya olacaq. Stansiyanın konstruksiyaları zavodda hazırlanacaq və Qəbələdə quraşdırılacaq", - Serdyukov deyib.
O əlavə edib ki, Qəbələnin imkanlarının hər hansı artımı faydalı və çox vacibdir, lakin indiki halda rusiyalı hərbiçilər bu stansiyanı tamamilə modernləşdirmək, "onu başqa parametrlərə malik, tamamilə başqa" etmək istərdilər.
Rusiya müdafiə nazirinin sözlərinə görə, Azərbaycanın bütövlükdə bu məsələ ilə bağlı etirazı yoxdur, tərəflər yalnız maliyyə məsləsini tənzimləməlidirlər.
"Onlar stansiyanın (icarə) dəyərini kəskin artırmaq istəyirlər. Biz isə əvvəlki dəyəri saxlamaqla, orada icarəyə götürdüyümüz ərazinin sahəsini böyük ölçüdə azaltmaq istərdik. Stansiyanın yeni simasında artıq bizə kommunikasiyaların belə həcmi lazımlı deyil. Bizdə suyun, elektrik enerjisinin istehlakı artıq bu qədər çox olmayacaq", - Serdyukov izah edib.
O xatırladıb ki, Qəbələ RLS-lə bağlı məsələlərdə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün işçi komissiya yaradılıb. Oraya RF MN-in, XİN-in, eləcə də Sənaye və Ticarət nazirliklərinin nümayəndələri daxildirlər.
"Biz öz (azərbaycanlı) həmkarlarımızla razılaşdıq ki, yaxın vaxtlarda komissiyanın Rusiya tərəfdən üzvləri Bakıya getsinlər və orada müzakirələri davam etdirsinlər. Məndə razılığa gəlməyəcəyimizlə bağlı narahatlıq yoxdur", - Serdyukov deyib.
Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni icarə şərtləri əsasında davam etdirib. Saziş stansiyanın statusunu Azərbaycanın mülkiyyəti olmaqla və Rusiyaya 2012-ci ilədək 10 il müddətinə müqavilənin uzadılması şərtilə icarəyə verilən analitik-informasiya mərkəzi kimi statusunu müəyyənləşdirib. Onun icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.