Azərbaycan, Bakı, 30 noyabr /Trend/
Böyük Britaniya nümayişçilərin Birləşmiş Krallığın Tehrandakı səfirliyinə hücum etməsindən sonra bütün İran diplomatlarını ölkədən çıxarır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib.
"Bütün İran diplomatları ölkəni 48 saat ərzində tərk etməlidir", - Heyq Böyük Britaniya parlamentində deyib.
Londonun hərəkəti Tehranın Britaniya səfirliyinin təhlükəsizliyini təmin etmək iqtidarında olmamasına cavabdır. Belə ki, çərşənbə axşamı radikal əhval-ruhiyyəli iranlı tələbələr diplomatik nümayəndəlik qarşısında etiraz aksiyası təşkil ediblər. Aksiya iştirakçıları Britaniyanın diplomatik nümayəndəliyinin əsas binasına daxil olub, bayrağı endirib və yandırıblar, yerinə İran bayrağını asıblar.