Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan müstəqilliyinin 20 ilində çox böyük məsələlərin həllinə nail olub. Trend-in məlumatına görə, bunu cümə axşamı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və iqtisadi, siyasi, hərbi, mədəni və digər sahələrdə Türkiyə-Azərbaycan münasibətlərinin qiymətləndirilməsi ilə əlaqədar TRT-nin Bakı nümayəndəliyinin hazırladığı filmin nümayişində bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün bölgənin ən güclü dövlətlərindən biridir.
Kılıç qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin müstəqilliyin 20 ilində qazandığı böyük uğur oldu.
Səfir Türkiyə ilə Azərbaycanın birliyindən də geniş söz açıb. "1918-ci ildə də, 1991-ci ildə də, bu gün də Azərbaycan və Türkiyə yan-yanadır", - o deyib.
"Türkiyə Qazaxıstan, Qırgızıstanla və digər türk dövlətləri ilə də qardaşdır, lakin Azərbaycan bizim əkiz qardaşımızdır. Azərbaycana gəldiyim gündən burada azərbaycanlı kimi çalışmışam", - Kılıç deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb, ötən il bu göstərici 2,5 milyard dollar olub.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov tədbirdə bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı müstəqillik qazandıqdan sonra əzəmətli bir qüvvəyə çevrilib. "Ümummilli liderin "Bir millət - iki dövlət" sözləri artıq bütün dünyaya yayılıb", - o deyib. Əhmədov qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib və bu iki dövlətin bir-birinin yanında olması təbiidir.
Onun sözlərinə görə, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. "Bizim qardaşlığımız çox böyük nemətdir və biz bu neməti yaxşı dəyərləndirməliyik", - Əhmədov deyib.
Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov tədbirdə Türkiyə və Azərbaycan xalqlarının keçdiyi tarixi yol barədə danışıb. O deyib ki, SSRİ dövründə azərbaycanlıların düşüncəsindən türk olduqlarını çıxarmağa cəhdlər olsa da, bu kökündən baş tutmayıb.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan dünyada analoqu olmayan qardaşlıq, dostluq münasibətlərinə malikdirlər. Onun sözlərinə görə, bu iki dövlət heç vaxt bir-birinin əleyhinə addım atmayacaq. "Çünki hər kəs bilir ki, Türkiyənin güclənməsi Azərbaycanın, Azərbaycanın güclənməsi isə Türkiyənin güclənməsidir", - o deyib. Paşayeva bildirib ki, Türkiyə-Azərbaycan birliyinin güclənməsində bütün türk dünyası maraqlıdır.