Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir M.Əliyev/
Bu gün Avropada tək iqtisadi böhran deyil, həm də düşüncə böhranı yaşanır. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə günü millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsinin Fransa Senatına çıxarılmasına münasibət bildirərkən deyib.
"Düşüncə böhranı dedikdə onların başqa dövlətlərə münasibəti, "Qərbdən başqa" saydıqları ölkələrə subyektiv münasibəti həmin bölgələri idarə etmək istəyi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, güclü subyektivizm və hegemonçuluq prinsipi Avropa dövlətlərinin başından hələ uzaqlaşmayıb", - o bildirib.
Aslanova qeyd edib ki, Şimali Afrika dövlətlərində olan hadisələrə Avropanın mövqeyi heç kimin yadından çıxmayıb.
"Qərb dövlətlərinin insan haqlarının qorunması kimi çox böyük bir dəyəri manipulyasiya etməsi bu gün artıq etiraf edilir. Və Fransanın növbəti dəfə belə addım atması - qondarma "erməni soyqırımı"na bu cür münasibət bildirməsi, soyqırımı tanımadıqlarına görə insanlara qarşı cəza tədbirinin görülməsi insan haqlarının, düşüncə azadlığının pozulmasının ən bariz nümunəsidir", - komitə sədri deyib.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.