...

Azərbaycan və Çinin hakim partiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 22 Dekabr 2011 12:07 (UTC +04:00)
Azərbaycan və Çinin hakim partiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan və Çinin hakim partiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan və Çinin hakim partiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsi müdirinin müavini Çen Fensyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Fensyan bildirib ki, partiyalararası əlaqələr, ölkələr arasındakı əməkdaşlığa öz müsbət töhfələrini verəcək. O qeyd edib ki, belə görüşlər iki xalqın, dövlətin arasındakı əlaqələrə bundan sonra da müsbət təsir göstərəcək.

"Azərbaycanın son illər inkişafı göz önündədir. Partiyalar arasında əlaqələrin inkişafı iki dövlətin və xalqlarımızın münasibətlərinə də xoş təsir göstərir", - o deyib.

Çen Fensyan ötən gün Bakıda keçirilən konfransın mövzusu olan modernləşmə siyasəti üzrə aparılan müzakirələrin qlobal problemlərin həllinə müsbət təsir göstərəcəyini qeyd edib.

Görüşdə Əli Əhmədov bildirib ki, Çindəki iqtisadi yüksəliş Azərbaycanla yanaşı, bütün dünya ölkələrinin də diqqət mərkəzindədir. Bu ölkə bütün sahələrdəki inkişafı ilə dünyanın diqqət və marağını özünə cəlb edir. Partiyalar arasındakı əlaqələri yüksək qiymətləndirən YAP-ın sədr müavini qeyd edib ki, bu, sonrakı inkişaf baxımından da çox əhəmiyyətlidir.

"Ölkələr arasındakı əlaqələrin inkişafına partiyalararası münasibətlər də öz təsirini göstərir. İnanırıq ki, Azərbaycan və Çin partiyaları arasındakı qarşılıqlı əlaqələr gələcək dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərəcək", - o deyib.

Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı bütün sahələrdə Çinlə əməkdaşlıq etməyə imkan verir. Onun sözlərinə görə, modernləşmə siyasəti bu gün dünya miqyasında əsas problemlərdən biri kimi özünü biruzə verir və bunun həlli istiqamətində ölkələr öz səyini əsirgəməməlidir.

Görüşdə Çen Fensyan YAP nümayəndə heyətini 2012-ci ildə Çinə səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti