...

YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

Siyasət Materials 29 Dekabr 2011 19:32 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə cümə axşamı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə cümə axşamı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, bu bayramın əhəmiyyətini qeyd edib. O bildirib ki, dövlət hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin xarici ölkələrdə təhsil alması, tələbələrin təqaüdlərinin artırılması, Azərbaycan gəncliyinin inkişafı ilə bağlı 2011-2015-ci illəri əhatə edən xüsusi dövlət proqramının təsdiq olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, yeni idman olimpiya mərkəzlərinin, təhsil ocaqlarının istifadəyə verilməsi bunun əyani sübutudur.

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək gəncləri və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Əhmədov bildirib ki, 2011-ci il Azərbaycan xalqı üçün çox əlamətdar hadisələrlə yadda qalan olub. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünyada böyük uğurlar qazanıb.

"Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsində qalib olması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizim ən böyük nailiyyətlərimizdəndir. Yola saldığımız il həm də ona görə əlamətdar olub ki, bu il biz hamılıqla Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin 50 illik yubileyini qeyd etmişik. Əminəm ki, həm bir gənc, hər bir Azərbaycan vətəndaşı gələn ildə də öz lideri ətrafında daha sıx birləşəcək və Azərbaycan xalqı daha böyük uğurlara imza atacaq", - o deyib.

Sonda Əhmədov gənclərə təhsildə, əməkdə, eləcə də siyasi fəaliyyətdə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti